Medianews.az
“Müəllim kimi fəaliyyət göstərəcəm, qardaşım ailə ilə gedəcək”-Almaz Orucova Zəngilana köçür? -
71 baxış

“Müəllim kimi fəaliyyət göstərəcəm, qardaşım ailə ilə gedəcək”-Almaz Orucova Zəngilana köçür? - AÇIQLAMA+ÖZƏL

“Quruculuq və abalıq işlərindən sonra ilk köç elə Zəngilana oldu. Bu çox sevindirici və qürurverici bir haldır. Təbii ki, o torpağa gedəndə hər zaman şəhidlərimizin ruhlarını yad edirik, qazilərimizə şəfa diləyirik. Dövlətimiz var olsun ki, bu qüruru bizə yaşatdı. Bir sənətkar olaraq hələ ki, siyahıya alınmamışam. Siyahıya alınsam sevə-sevə gedərəm. Bildiyim qədərilə sənət adamlarına dəvət olmalıdır, mənzil ayrılmalıdır. Evimizə, ata və ana yurdumuza qardaşım ailəsi ilə birlikdə gedəcək.. Hər daşına, torpağına həsrət qalmışdıq, indi rahat şəkildə gedib gəzirik”.

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib.

O daha sonra əlavə edib: “Biz Zəngilanda Dağüstü park deyilən ərazidə yaşayırdıq. Evimiz mərkəzdə idi. Böyük torpaq sahəmizin içində gözəl ev tikmişdik. Atam, anam və qardaşım vətən həsrəti ilə dünyadan köçdülər. Əslində ana və atamın ölümünü Zəngilanın ermənilər tərəfindən işğalı sürətləndirdi. Elə-obaya çox bağlı idilər. Zəngilan da daxil olmaqla bütün Qarabağ bölgəsi böyük xanəndələr yetişdirib. İndi o torpaqlarda onların da ruhu şaddır. Çox istərdim ki, Zəngilanda bir musiqi məktəbi açılsın və mən də köçəndən sonra orada müəllim kimi fəaliyyətə başlayım. Bu mənim ən böyük arzularımdan biridir”.

Sənətkar həmkarlarına ciddi musiqi ilə bağlı çağırış da edib: “Bu gün təkcə musiqimiz, mahnılarımız yox, insanlar da, zövqlər də dəyişilib. Milli ruhu qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Necə ki, vaxtilə bunu Şövkət Ələkbərova, Arif Babayev bizlərə ötürdülər, biz də musiqimizi yaşadıb, estafeti gənclərə verməliyik. Onları yaxşı yetişdirmək lazımdır. Mənim yadımdadır, Şövkət xanım xəstə idi, amma bizi evinə çağırıb dərs keçirdi. Bir gün də bizi musiqidən ayırmırdı. Fədakarlıq edirdi. Bizim sənətimiz çətindir, amma şərəflidir. Həmkarlarımı da ciddi musiqi uğrunda birləşməyə çağırıram”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun