Medianews.az
“Muallim bey geçiyor” -
86 baxış

“Muallim bey geçiyor” - Müəllimi baş tacı edənlər

Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərində 22 yaşlı Hüseyn Gürtunca adlı gənc Anadoluda uzaq bir qəsəbəyə müəllim göndərilir.

Uzun küçənin bir başında müəllimin kirayə götürdüyü ev, digər başında isə dərs dediyi məktəb yerləşir. Məktəblə evi arasındakı ən qısa məsafə küçənin bir başından o biri ucuna olduğuna görə Hüseyn müəllim ilk günlər axşamlar məktəbdən çıxanda heç bir yerə dönmədən dümdüz evinə gedirmiş. Ancaq bu yol qəsəbədəki qəhvəxananın önündən keçirdi.

Bir müddət sonra gənc müəllim marşrutunu dəyişir; qəhvəxanaya yaxınlaşanda yan küçəyə dönür, qəhvəxananın arxasından dolanaraq yenidən əsas yola çıxıb evinə gedir. Qəsəbə sakinləri ondan niyə yolunu uzatdığını soruşurlar. Hüseyn müəllim bunun səbəbini belə izah edir:

“İlk günlər qısa yol olduğu üçün təbii olaraq qəhvəxananın önündən keçirdim; lakin gördüm ki, qəhvəxanadakı 70 yaşındakılar da daxil olmaqla bütün insanlar “Muallim bey geçiyor” deyə hörmət əlaməti olaraq ayağa qalxıb, məni salamlayırlar. Çox utandım, xəcalət çəkdim. Ona görə də artıq qəhvəxananın arxasından dolanıram”…

***

Bu hadisəni yazanda Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün müəllimə verdiyi qiyməti xatırladım…

Mustafa Kamal Paşa “millət vəkilinin maaşı müəllimdən yüksək olmasın” deyən bir lider olub. Ancaq müəllimin cəmiyyətdəki yeri, ona göstərilən hörmət sadəcə ölkə rəhbərinin sevgisi və dəstəyi ilə deyil, xalqın da müəllimə verdiyi qiymətlə dəyərli olur. Və xalq da Hüseyn müəllimin misalında olduğu kimi müəllimi hər zaman baş tacı etmişdir…

***

Bu yazdıqlarımda Türkiyə yerinə Azərbaycan da yazmaq olardı. Çünki bizim ölkədə də müəllim hər zaman xalq tərəfindən böyük hörmət və qayğı görmüşdür. Bu sevgi o dərəcə böyük idi ki, sadəcə müəllimlərə deyil, sayğı göstəriləcək hər kəsə “müəllim” deyə xitab edirdilər…

Ancaq bu gün müəllimlər layiq olduqları hörmət və qayğını görürlərmi?

Və ya indiki müəllimlərin hamısı bu hörmətə layiqlərmi?

İbrahim Nəbioğlu

Bizə qoşulun