Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın son açıqlamalarına münasibət bildirib.
Medianew.az xəbər verir ki, o deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin tam normallaşması bölgədə, xüsusən də Azərbaycanla sülh prosesinə müsbət təsir göstərə bilər.
Mirzoyan vurğulayıb ki, Ankara ilə diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması və münasibətlərin tənzimlənməsi İrəvan üçün önəmli addımdır. Nazir həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla əldə olunan sülhün daha da institusionallaşdırılması istiqamətində səmimi səylər göstərir.
O, nəqliyyat bağlantılarının açılmasının da regional əməkdaşlıq üçün vacib olduğunu bildirib. XİN rəhbəri xatırladıb ki, 8 avqustda Vaşinqton sülh sammitində razılaşdırılmış əsas prinsiplər ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıqdan ibarət olub.
Mirzoyanın sözlərinə görə, bu çərçivədə nəzərdə tutulan Tramp Marşrutu (TRIPP) həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə birləşdirərək regionda daha geniş nəqliyyat əlaqələri yaradacaq.
“Ermənistan bu layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlıdır və üzərinə düşən işləri fəal şəkildə görür”, – deyə Mirzoyan vurğulayıb.
Medianew.az