Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq vasitəçi olmuş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu ləğv ərəfəsindədir.
57 ölkəni birləşdirən ATƏT 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adı ilə yaradılıb. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində 7 rayon tam, 4 rayon qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan ölkənin bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın 4 kəndindən çəkilib.
Sədərəkin 1, Qazaxın 3 kəndi Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir, işğalda qalır.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar, həmçinin ATƏT sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.
Son məlumata görə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə qərar layihəsi sentyabrın 1-nə qədər təsdiqlənməsi üçün iştirakçı dövlətlərə göndərilib. 57 ölkənin heç biri etiraz etmədiyi halda həmin tarixdə qərar qəbul ediləcək.

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib ki, ATƏT Minsk qrupu bir-iki cümləlik sadə qərarla ləğv edə bilməz: “Qərar fundamental xarakter daşımalı, orada bütün suallara tam cavab əksini tapmalıdır. Vacib olan odur ki, artıq prinsipial razılaşma var və bir vaxtlar bu məsələni eşidəndə daş atıb başını tutan Ermənistan da, nəhayət, Azərbaycanın tələbini qəbul edib”.
A.Quliyevin fikrincə, Minsk qrupunun ləğvi barədə ATƏT-də qəbul ediləcək qərar hüquqi və siyasi arqumentlərlə yetərincə əsaslandırılmış olmalıdır: “Yoxsa “Azərbaycanla Ermənistan razılığa gəlib qrupun ləğvini istədikləri üçün biz də onu ləğv edirik” kimi qeyri-hüquqi və qeyri-siyasi yanaşma ortaya qoyulmamalıdır. Bu, yanlış olardı. Unutmayaq ki, Minsk qrupunun ləğvi barədə yekun qərar həm də bir qərinəlik münaqişənin beynəlxalq hüquq çərçivəsində, BMT-nin 4 qətnaməsi əsasında, Azərbaycanın öz gücü hesabına həll edildiyinin rəsmi təsdiqi olacaq. ATƏT-in qərarında münaqişənin bu prinsiplərlə birdəfəlik həll olunduğu, Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığı vurğulanmalıdır.
ATƏT-in siyasi tarixində bu münaqişənin necə həll edildiyini təsdiqləyən sənədlərin qalması vacibdir. Minsk qrupunun rəsmən ləğvi təkcə Azərbaycanla Ermənistanın yox, həm də bütün ATƏT strukturlarının mövqeyi kimi təsdiqlənməlidir. ATƏT-in bu münaqişənin həllində hansı nəticəyönümlü fəaliyyətləri göstərdiyi bu gün bizlərdə sual doğurduğu kimi, gələcəkdə ATƏT-in özündə də ona qarşı eyni sualları doğuracaq. Nə vaxtsa ATƏT-in özündə bu cür sualların qalxacağı şübhəsizdir. “Azərbaycan niyə bu münaqişəni özü təklikdə həll etdi?” kimi kəskin suala 30-50 ildən sonra ATƏT-də kim və necə cavab verəcək? Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın və bir vasitəçi kimi ATƏT-in payının nə qədər olduğunu kim və necə müəyyən edəcək? Minsk qrupunun 30 illik fəaliyyətinin hansı nəticələr verdiyi və ya vermədiyi sualına ATƏT-də kim və necə cavab tapacaq? ATƏT bu münaqişəni niyə həll edə bilmədi? ATƏT-in uğursuzluğunun məsuliyyətini kim daşımalıdır - qurumun fəaliyyətdə olan sədrləri, ya həmsədr ölkələr? Bütün bu sualların cavabı Minsk qrupunun ləğvi haqqında qəbul olunacaq yekun qərarda əks edilməlidir. Qərar ən azı qrupun üzvləri olmuş 9, ya 11 dövlətin sanballı təmsilçiliyi şərtilə müzakirədən keçərək verilməlidir. Həmin qərar Azərbaycanın son qoyduğu münaqişənin əbədi həll olunduğunun beynəlxalq təsdiqinə çevrilməlidir. Konkret desək, Minsk qrupunun ləğvi barədə qərar həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin təsdiqi olmalıdır.
Mən inanmıram ki, ATƏT-in nizamnaməsində Minsk qrupunun necə həll olunmalı olduğunu müəyyən etmiş aydın prosedur var. ATƏT, məsələn, on dəfə belə qrup yaradıb, onu ləğv etməyib ki... Minsk qrupu ATƏT-in tarixində unikal bir təzahür idi və təbii ki, onun ləğvi də unikal mexanizmlə həyata keçirilə bilər”.
Toğrul Əli,
Medianews.az