“Mən neçə illərdir teatrda işləyirəm, amma belə hadisə ilə qarşılaşmamışam. Teatrdan işdən çıxarılanlar da, özləri gedib sonra qayıdanlar da olub. Amma beləsini görməmişəm. Rejissorla da, müdiriyyətlə də konflikt ola bilər, amma bu dərəcədə olmayıb. Mehriban xanım öz ərizəsi əsasında işdən ayrılıb. Bu teatrda mən də işləyirəm, qocaman aktyorumuz Hacı İsmayılov da işləyir. Bir gəl məsləhət et, sənə tövsiyyə edək. Heç kimlə məsləhət etmədən götürüb ərizə yazıb ki, “məni işdən azad edin".
Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Rafiq Əzimov əməkdar artist Mehriban Xanlarovanın işdən çıxmasından danışarkən bildirib. O daha sonra əlavə edib:

“Əgər deyiriksə teatr bizim ikinci evimizdir, bu evin sirri çölə çıxmamalıdır. Sən ərizə yazırsan, bir adamla məsləhət etmirsən. Səni neçə ildir tanıyıram, yaxşı insan və yaxşı da aktrisasan. Neçəsi var idi ki, onlar sakitləşdilər, Mehriban xanım sakitləşmədi, ərizə yazdı. Onlar niyə işdən çıxmadılar? Mənim də başıma o qədər hadisələr gəlib ki, səsimi çıxarmamışam. Başımı aşağı salıb, yaradıcılığımla məşğul olmuşam. Özümdən də yaşca böyük aktyorlarla məsləhətləşmişəm. O mənə desəydi ki, ərizə yazmaq istəyirəm, Allaha and olsun ki, qoymazdım yazsın.
Mənim də ona ürəyim ağrıyır. İndi sən bu yaşında hara gedəcəksən? Səni harada işə götürəcəklər? Mehriban xanımın qoca anası var, himayəsində 10 nəfər var, 1 otaqlı evdə yaşayır. Mənim pisliklə aram yoxdur, heç kimə də pislik arzulamıram. Mehriban xanımın teatra qayıtmasına dəstək olaram. Gəlsin etirazını etsin, onunla bir yerdə gedərəm direktorun yanına. Mən direktorumuz İlham Əsgərovla danışacam, onun teatra qayıtmasına təşəbbüs göstərəcəm.
Bu dəqiqə aktyor, aktrisa yetişdirmək asan deyil. Nə o müəllimlər var, nə də o həvəs. Mehriban xanım neçə illərdir teatrda işləyir. Bu teatr ona doğmadır. Fuad Poladov o vaxt acıq edib, çıxdı getdi. Bir adamın ünvanına bir kəlmə də demədi. Səbəbini də hamımız bilirdik. İnanmıram ki, İlham Əsgərov onun ərizəsinə bilərəkdən qol çəkib. O da yəqin görüb ki, iş böyüyür, məcbur olub qol çəkib. Mehriban xanımın özü də bir az sakitləşməlidir ki, işlər həll olunsun. Bayaq Cəmil Quliyev və bir neçə ziyalı insan, yazıçı ilə bir yerdə idik. Onlar da Mehriban xanımın işdən çıxmasına çox təəssüfləniblər. Kim təəssüflənməz ki? Hamı təəssüflənib də” deyə sənətkar bildirib.
Xalq artisti Rasim Balayevin mövzuya münasibəti qısaca olub:

“Mən onların işinə qarışa bilmərəm. Amma bu heç də yaxşı hal deyil ki, aktrisa ərizə yazıb işdən çıxır. Mənə elə gəlir ki, onu bu həddə çatdırıblar. Kim isti ocağını soyudar ki? Mehriban Xanlarovanı tanıyıram, istər film, istərsə də teatrda rolları var. Allah köməyi olsun” deyə xalq artisti bildirib.
Məlumat üçün bildirək ki, əməkdar artist Mehriban Xanlarova bir neçə gün əvvəl öz ərizəsi ilə teatrdan ayrılıb.
Əli Əsgər,
Medianews.az