1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə əlavələr, dəyişikliklər edilib. Azərbaycan Konstitusiyasında indi də hansısa yenilənmələrin olması zəruridirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, konstitusiyanın yenilənməsinə ehtiyac var: “İlk növbədə ölkənin inzibati ərazi bölgüsü təzələnməli, inzibati ərazi vahidləri dəyişdirilməlidir. Ərazi baxımdan kiçik bir ölkədə bu qədər rayonun olmasına zərurət yoxdur. Prezidentin iqtisadi rayonlarla bağlı fərmanı var. Ölkədə 14 iqtisadi rayon mövcuddur. Həmin iqtisadi regionların inzibati ərazi vahidinə çevrilməsi çox vacibdir. Bu, idarəetməni təkmilləşdirərdi.
İkinci addım rayon-şəhər icra hakimiyyətlərinin ləğvi, yerli özünüidarəetmənin gücləndirilməsi, bələdiyyələrin əlavə səlahiyyətlərlə təmin edilməsi, seçkili orqanların yerli idarəetmədə iştirakının artırılmasıdır. Rayonlarda, şəhərlərdə icra hakimiyyətləri ilə bağlı neqativ fon yaranıb. Bunun aradan qaldırılmasına ehtiyac var. Son illər icra hakimiyyətlərinin bir sıra məsul şəxsləri korrupsiya əməlinə görə həbs edilib. İnsanlar bu institutdan narazıdır və onun ləğvi məsələsi artıq yetişib”.
N.Cəfərli üçüncü addım kimi proporsional seçki sisteminə keçidi vurğulayıb. O qeyd edib ki, bu çox vacibdir: “Çünki siyasi partiyaların dövlət idarəetməsində iştirakını artırmaq, onların püxtələşməsini təmin etmək üçün mütləq Azərbaycanda proporsional seçki sistemini bərpa etmək lazımdır. Belə olsa, ölkədə siyasi partiyalar arasında həqiqi ideoloji-siyasi mübarizəyə meydan açılar, partiyaların şəxslərə bağlı olması, şəxsiyyətlərdən asılılığı aradan qalxar.
Növbəti addım isə parlamentin sosial-iqtisadi məsələlərin həllində rolunun artırılmasıdır. Yəni sosial-iqtisadi blokun parlamentə daha çox bağlı və hesabatlı olması məsələsidir. Prezident Azərbaycanda dövlət başçısıdır və vacib dövlət strukturlarının rəhbəridir. Bu, doğrudur, belə də olmalıdır. Amma hökumətin rolu və yeri hələ də bilinmir. Ona görə konstitusiyada Nazirlər Kabinetinin yeri və rolu dəqiqləşdirilməlidir”.
N.Cəfərlinin fikrincə, konstitusiyanın yenilənməsini zəruri edən fundamental məsələlər bunlardır: “Amma təbii ki, başqa məqamlar da var”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında deyib ki, indiki şəraitdə konstitusiyada hər hansı köklü dəyişikliyə gediləcəyini ehtimal etmir: “Çünki konstitusiyada hakimiyyətlə, hakimiyyətin təşkili ilə bağlı mexanizmlər kifayət qədər dəqiq və icra hakimiyyətinin xeyrinə işlənərək hazırlanıb. Digər məsələlər də az-çox normal hesab oluna bilər, amma gələcəkdə konstitusiyanın dəyişdirilməsi ehtimalını nəzərdə saxlamaq mümkündür”.
Q.Əlibəylinin fikrincə, dəyişiklik əsasən iki istiqamətdə ola bilər: “Birincisi Nazirlər Kabinetinin ləğv olunması məsələsidir. Çünki Nazirlər Kabineti bir növ Prezident yanında yuxarı orqan kimi nəzərdə tutulub. Amma başqa ölkələrin təcrübəsinə baxsaq görərik ki, Prezident idarə üsulu arada Nazirlər Kabineti kimi bir strukturun olmasını istisna edir. Ona görə Azərbaycanda Nazirlər Kabineti ləğv oluna bilər və bu halda ölkə konstitusiyasına mütləq dəyişiklik olmalıdır. Çünki Nazirlər Kabineti konstitusiyada əksini tapmış bir orqandır.
İkincisi, seçki sistemi ilə bağlı dəyişikliklər ola bilər. İndiki konstitusiyaya görə, Milli Məclis yalnız majoritar qaydada keçirilən seçki əsasında formalaşır. Tutalım, bir vaxt ölkədə olduğu kimi, qarışıq seçki sisteminə, yəni parlamentin həm majoritar, həm də proporsional seçki əsasında formalaşmasına keçilsə, bu halda da hökmən konstitusiya dəyişməlidir. Amma bunun yaxın dövrlərdə baş verəcəyinə inanmıram. Məncə, belə bir dəyişiklik uzaq gələcəkdə ola bilər”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.
