Medianews.az
İşsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək?
260 baxış

İşsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək?

Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər də var. Artıq xeyli müddətdir ki, cəmiyyətimizi həmin Qanuna edilən mühüm dəyişikliklərdən biri ilə əlaqədar bu sual maraqlandırır: işsizlər üçün sığorta haqqını kim ödəyəcək? Söz dolaşırdı ki, işsizlər özləri sığorta haqqını ödəməlidir. İndi gəlin baxaq, doğrudanmı bu belədir ya yox.

Deməli, Qanuna aşağıdakı məzmunda 15-2.2.3-1-ci maddə əlavə edilib: ““Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;”. 15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir”.

Sadə dildə bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət.

Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. Rəsmilər qanun layihəsini dərc etmədən mətbuata ümumi məlumat sızdırmışdı, mətbuat onu bir cür yozmuşdu (guya işsizlər özü sığorta haqqı ödəməlidir), biz ekspertlər isə layihəni görmədən dəqiq söz deyə bilmirdik. Böyük ehtimalla hökumət bilərəkdən belə şərait yaratmışdı ki, yenilik məhz qeyd etdiyim səhv tərzdə başa düşülsün. Ya da hökumətdəkilər özləri də məsələni tam dərk etmirdi (ən azı deputatların dərk etmədiyi ehtimalı böyükdür, onların işi düymə basmaqdır onsuz da).

Lakin işsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir.

Bir sözlə, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur. Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir.

Əlbəttə, biz başa düşürük ki, növbəti ildən xüsusilə məmurlar, əsasən də vergi orqanı düşəcək əhalinin canına və yeri gəldi-gəlmədi qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq. Necə? Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən?! Və s. və i.a. Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil axı. Lakin əksəriyyətin savadı və cəsarəti çatmayacaq ki, məmurların tələ ilə dolu suallarına cavab versin və nəticədə sığorta haqqının dövlət tərəfindən ödənilməsini tələb etsin. Yenilik də məhz buna hesablanıb: vətəndaşları çaşdırmaq, qorxutmaq ki, sığorta haqqı büdcədən ödənilməsin, vətəndaşın son pulu əlindən alınsın...

Ümumiyyətlə, tövsiyə edirəm ki, rəsmi gəliri olmayanlar, yəni işsizlər çalışsınlar ki, öz kartlarından istifadə etməsinlər, elə pulu onlara verən yaxınlarının bank kartlarından istifadə etsinlər (yəni həmin yaxın adamın bir neçə bank kartı ola bilər onsuz da), yaxud da ödənişləri nağd etsinlər. Təbii, bütün dünya nağdsız ödənişlərə getdiyi halda bizim geriyə addımlamağımız acınacaqlıdır. Amma nə etməli, bizim məmurlarla hüquq, qanun dilində danışmaq çətindir. Min cür hiylələri var. Odur ki, ehtiyatlı olun, narahat olsa da belə, dədə-baba üsullarından istifadə edin. Məmurlarımız sivilləşənədək...

Əkrəm Həsənov,
hüquqşünas

Bizə qoşulun