Medianews.az
İsrailə yaşıl işıq, dörd ölkədən boykot
116 baxış

İsrailə yaşıl işıq, dörd ölkədən boykot

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyi İsrailin “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakına icazə verib.

Medianews.az-ın məlumatına görə, dekabrın 4-də qəbul olunan bu qərarın ardınca İrlandiya, İspaniya, Niderland və Sloveniyanın yarışı boykot edəcəyi dəqiqləşib. Bu ölkələrin ictimai yayım qurumları İsrailin “Avroviziya 2026”ya buraxılmaması tələbi qoymuşdu.

İsrail 2023-cü ilin payızından Fələstinin Qəzza bölgəsində qanlı hərbi əməliyyatlar aparıb. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Dekabrın 5-dək “Avroviziya 2026”da iştirakını 32 ölkə təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması Avropa Yayım Birliyinin layihəsidir. 69 dəfə keçirilmiş müsabiqədə İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Azərbaycan 17 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyiblər.

Medianews.az

Bizə qoşulun