İsraildən canlı yayım edən CNN Türk komandası bir müddət İsrail əsgərləri tərəfindən saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Medianews.az xəbər verir ki, CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahraman İsraildə reportaj hazırlayarkən əsgərlər tərəfindən saxlanılıblar.
İsrail hərbçilərinin jurnalistlərin canlı yayım etməsinə icazə vermədiyi bildirilib.
Bir müddət onlardan xəbər alınmaması narahatlıq yaradıb. Daha sonra hər iki jurnalistin sərbəst buraxıldığı açıqlanıb.
Məsələ ilə bağlı Burhanettin Duran açıqlama verərək bildirib ki, jurnalistlərin saxlanılması mətbuat azadlığına qarşı addımdır və onların azad olunması üçün lazımi tədbirlər görülür.
Ömer Çelik isə qeyd edib ki, türk jurnalistlərinin saxlanılması qəbuledilməzdir və bu hadisə mətbuat azadlığına hücum kimi qiymətləndirilməlidir. O, jurnalistlərin mümkün qədər tez azad edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, CNN Türk əməkdaşlarının saxlanılması hadisəsi mediada geniş rezonans doğurmuşdu.
Medianews.az