Medianews.az
İsrail də Sülh Şurasına qoşulur
76 baxış

İsrail də Sülh Şurasına qoşulur

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza sektorunda münaqişəyə son qoymaq üçün yaradılan Sülh Şurasına qoşulacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. “Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dünya liderlərinin də daxil olacağı Sülh Şurasına qatılmaq dəvətini qəbul edib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Donald Tramp Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmalara uyğun olaraq Qəzza sektorunun idarəçiliyini öz üzərinə götürmək və bu beynəlxalq quruma sədrlik etmək niyyətindədir. “Bloomberg” agentliyinin məlumatına görə, Birləşmiş Ştatların dövlət başçısı şuranın səlahiyyətlərini və nizamnaməsini yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təsdiqləməyi planlaşdırır.

Sülh Şurasına qatılmaq üçün dəvətlər Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla dünyanın bir çox liderinə göndərilib.

Bir müddət öncə Argentina, Belarus, Macarıstan, Vyetnam, Qazaxıstan, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərinin ABŞ Prezidentinin şuraya qoşulmaq dəvətini qəbul etdikləri barədə məlumat yayılıb.

Bu arada Avropa diplomatları Donald Trampın qlobal münaqişələrin həlli üçün alternativ platforma yaratmaqla BMT-ni əvəz etməyə çalışacağından narahatlıqlarını ifadə edirlər.

Bizə qoşulun