ABŞ-ın İrana gözlənilən hücumunun uzadılmasının bir səbəbi də islam respublikasının ali rəhbəri Əli Xameneini əvəz edəcək siyasi xadimin tapıla bilməməsi ilə izah olunur.
İrandan gələn məlumatlar isə ABŞ-ın alternativ lideri yaxşı axtarmadığını, əslində Xamenei sonrası komandanın artıq hazır olduğuu, hətta onun xarici müdaxiləni gözləmədən hərəkətə keçdiyini göstərir.
Fransanın “Le Fiqaro” qəzeti etibarlı mənbələrə istinadən xəbər verir ki, İranın keçmiş prezidenti Həsən Ruhani 8-9 yanvar gecəsi İranda etiraz aksiyaları pik həddə çatanda və minlərlə insanın ölümüylə nəticələnən repressiyalar başlamazdan əvvəl Əli Xameneini devirmək təşəbbüsünə rəhbərlik edib. Bu məqsədlə o, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla bəzi Qum ruhanilərini, həmçinin SEPAH-ın bəzi üzvlərini çevrilişin vacibliyinə inandıra bilib. Məqsəd isə təhlükəsizlik və siyasi məsələlərə nəzarəti ələ keçirmək imiş.
İddiaya görə, təşəbbüsü iflasa uğradan Əli Laricaninin “satqınlığı” olub (yeri gəlmişkən, məlumatlara görə, bu yaxınlarda Xamenei Laricanini öz əsas siyasi varisi elan edib). Ruhani öz planını Laricaniyə açıqlayıb və onu da yanlarında görmək istəyib. Laricani isə etməyib tənbəllik, ona edilmiş təklifi Xameneinin ovcuna qoyub. Çevriliş cəhdindən qəzəblənən Xamenei asilərin dərhal həbsinə göstəriş verib. Xalqın Xameneiyə qarşı qaldırdığı üsyan yatırılandan sonra asilər həbs olunsalar da, onları göz altında çox saxlamayıblar. Bir müddət sonra həbsdən azad ediblər.
Bildirilir ki, Ruhani öz planını prezident Məsud Pezeşkiana açıqlamayıb. Bu da Ruhaninin indiki prezidentə çox da güvənmədiyini göstərir.
Maraqlıdır ki, Pezeşkiana ali dini lider də deyəsən çox etibar etmir. Xameneinin bir neçə gün öncə başına bir şey gələrsə seçdiyi varis namizədlər arasında Pezeşkianın adı çəkilmir. Məlumatlara görə, Xamenei ölümü və ya sui-qəsdə uğraması ehtimalında hakimiyyətin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə, ona bir şey olarsa, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa keçməsini vəsiyyət edib. Bu isə o deməkdir ki, Xameneinin başına bir iş gələrsə, onun səlahiyyətləri Laricaniyə, Laricaniyə bir şey olarsa Qalibafa həvalə olunmalıdır.
Xüsusilə Qalibafın varislər arasında yer alması və Pezeşkianın oyundankənar vəziyyətə salınması İranda birmənalı qarşılanmaya bilər. Çünki Qərbi Azərbaycan əyalətinin kürdləşdirilməsində baş rolu Qalibafın oynadığı barədə iddialar var.
Təsadüfi deyil ki, mümkün varislər siyahısı açıqlanandan az sonra İranın 5 separatçı kürd partiyası bir araya gəlib rejimə qarşı aktiv silahlı mübarizə aparacaqlarını bəyan etdilər. Onlar arasında PKK-nın Suriya qolu kimi tanınan PJAK da var. Halbuki PJAK İran rejimi tərəfindən dəstəklənir, PKK ilə Tehran arasında körpü rolu oynayırdı. İndi birdən-birə PJAK-ın da rejim əleyhdarı separatçıların yanında yer alması təhlükəli bəzi versiyaları ağla gətirir.
Görünür, İran mollakratiyası “kürd kartı” göstərərək Cənubi Azərbaycan xalqına “mənim yanımda olmasan, səni PKK ünsürlərinin qətliamına uğramaq taleyi gözləyir” mesajı verir. Bununla da güneyli qardaşlarımızı PJAK və Komala ünsürləri ilə qanlı hesablaşmalara çəkib öz siyasi ömrünü uzatmağa çalışır.
Dünən Tehrandan bir başqa maraqlı məlumatlar da yayıldı. Bildirildiyinə görə, dünən axşam Xameneinin iqamətgahı təcili tibbi yardım maşınları və SEPAH silahlıları ilə dövriyyəyə alınıb. Hətta bu səbəbdən də Xameneinin artıq vəfat etdiyi və ya can üstə olduğu vurğulanır. Amma o da istisna deyil ki, son zamanlar özünə və ölkəsinə nəzarəti itirdiyi iddia olunan Xamenei onun postuna göz dikən qüvvələr tərəfindən aradan götürülsün. Təbii ki, bütün bunlar versiyalardır...
Əhməd Oğuz