Medianews.az
İran uduzur, amma hələ ...uduzmayıb
43 baxış

İran uduzur, amma hələ ...uduzmayıb

ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma artıq bir mühüm həqiqəti üzə çıxarıb: bu müharibə nə qısa olacaq, nə də klassik mənada həlledici nəticə verəcək. İlk mərhələdə yüksək intensivlikli zərbələr sürətli qələbə illüziyası yaratsa da, hadisələrin gedişi bunun əksini göstərdi. Qarşıdurma tədricən nokautla bitən müharibədən daha çox, uzunmüddətli aşındırma strategiyasına çevrildi. Bu kontekstdə “İran uduzubmu?” sualı əslində yanlış qurulmuş sualdır. Daha dəqiq ifadə belə olmalıdır: İran uduzur, amma hələ uduzmayıb.

ABŞ və İsrail bu qarşıdurmaya açıq hərbi üstünlüklə daxil oldular. Hava üstünlüyü, texnoloji imkanlar və kəşfiyyat qabiliyyətləri onlara İranın daxilində hədəfləri sistemli şəkildə vurmağa şərait yaratdı. Komanda strukturlarının hədəfə alınması, strateji obyektlərin sıradan çıxarılması və koordinasiya mexanizmlərinin pozulması bu kampaniyanın əsas elementlərinə çevrildi. Lakin bütün bu zərbələr klassik hərbi qələbə ilə nəticələnmədi. İran hələ də cavab vermək qabiliyyətini qoruyur. Raket hücumları davam edir, regiondakı təsir nöqtələri aktiv qalır. Bu, ildırım müharibəsi deyil, qarşılıqlı aşınma üzərində qurulmuş davamlı təzyiq müharibəsidir.

İran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci dalğasına başlayıb

Müharibənin məntiqi göstərir ki, ABŞ və İsrailin məqsədi qısa müddətdə İran rejimini devirmək deyil. Əsas hədəf İranın regiondakı təsir imkanlarını sistemli şəkildə zəiflətməkdir. Raket infrastrukturlarının sıradan çıxarılması, enerji və logistika şəbəkələrinin zədələnməsi, liderlik və koordinasiya mərkəzlərinin hədəfə alınması və diplomatik təcridin dərinləşdirilməsi bu strategiyanın əsas istiqamətləridir. Bu, qələbəyə yönəlmiş müharibə deyil, zəiflətməyə yönəlmiş müharibədir və məhz bu səbəbdən onun nəticələri dərhal deyil, mərhələli şəkildə ortaya çıxır.

İranın bu müharibədə tam çökməməsinin əsas səbəbi onun güc modelində gizlidir. İran klassik mərkəzləşmiş dövlət kimi fəaliyyət göstərmir. Onun təsir mexanizmi yayılmış və çoxqatlıdır. Proksi şəbəkələr, ideoloji ittifaqlar və asimmetrik mübarizə imkanları İranın gücünü daha elastik və davamlı edir. Bu səbəbdən o, taktiki itkilər versə belə, strateji olaraq mövcudluğunu qorumağa qadirdir. İranın əsas üstünlüyü sürətdə deyil, zamandadır. O, sürətli qələbəyə yox, uzunmüddətli dözümlülüyə oynayır.

Bu qarşıdurmanın ən təhlükəli tərəfi isə onun nəzarət altında qalmasının getdikcə çətinləşməsidir. ABŞ və İsrail üçün əsas risk hərbi məğlubiyyət deyil, müharibənin nəzarətdən çıxmasıdır. Mövcud üstünlük yanlış qiymətləndirildikdə, bu, daha geniş eskalasiyaya yol aça bilər. Hörmüz boğazının bağlanması, regional proksi qüvvələrin genişmiqyaslı aktivləşməsi və ya səhv hesablanmış cavab zərbəsi münaqişəni regional çərçivədən çıxarıb qlobal böhran səviyyəsinə qaldıra bilər. Bu müharibə mahiyyət etibarilə qeyri-sabitdir və hər an idarə olunan təzyiq idarə olunmayan qarşıdurmaya çevrilə bilər.

Mövcud dinamika göstərir ki, qarşıdurmanın inkişafı üç əsas istiqamətdən biri üzrə davam edə bilər və bu istiqamətlərin ehtimalı fərqlidir. Ən real ssenari, təxminən 60 faiz ehtimalla, İranın açıq eskalasiyanı məhdudlaşdıraraq geri çəkilməsi və dolayı diplomatik kanalların aktivləşməsidir. Bu halda ABŞ və İsrail strateji üstünlük əldə edir, İran rejimi isə qalır, lakin zəifləyir və daha ehtiyatlı davranmağa məcbur olur. Bu yanaşma İranın tarixən seçdiyi davranış modelinə — idarə olunan geri çəkilmə və strateji səbrə — tam uyğun gəlir.

ABŞ, İsrail və İran müharibəsi - SON DƏQİQƏ | No Comment

Təxminən 30 faiz ehtimalla münaqişə açıq müharibədən kölgə müharibəsinə keçə bilər. Bu vəziyyətdə hərbi toqquşmalar azalır, lakin qarşıdurma kiber hücumlar, sui-qəsdlər və proksi qüvvələr vasitəsilə davam edir. Rəsmi sülh yaranmır, lakin genişmiqyaslı müharibə də baş vermir. Bu, region üçün kifayət qədər tanış olan uzunmüddətli qeyri-sabit balans modelidir.

Nəhayət, təxminən 10 faiz ehtimalla ən təhlükəli ssenari — geniş regional müharibə baş verə bilər. Bu halda İranın Hörmüz boğazını bağlaması, Körfəz ölkələri və ABŞ bazalarına zərbələr endirməsi və proksi qüvvələrin tam şəkildə aktivləşməsi mümkündür. Belə bir inkişaf enerji bazarlarını ciddi şəkildə sarsıdar, ABŞ-ı daha geniş hərbi əməliyyatlara cəlb edə bilər və münaqişəni qlobal böhran səviyyəsinə qaldırar. Lakin bu ssenari bütün tərəflər üçün son dərəcə baha başa gəldiyi üçün ehtimalı nisbətən aşağıdır.

ABŞ, İsrail və İran arasında müharibə nə vaxt bitəcək? - EKSPERT RƏYLƏRİ

Bütün bu faktorlar göstərir ki, bu müharibə klassik qalib və məğlub modeli ilə başa çatmayacaq. Əvəzində güc balansı tədricən dəyişəcək. İran zəifləyəcək, onun infrastrukturu zədələnəcək, iqtisadiyyatı daha da sıxılacaq və regional təsir imkanları məhdudlaşacaq. Lakin o, dağılmayacaq və müharibədən tam məğlub çıxmayacaq. Məhz bu davamlılıq münaqişənin həlledici qələbə ilə bitməsinə mane olur.

Bunu daha sadə bir bənzətmə ilə ifadə etsək, vəziyyət futbol oyununu xatırladır. Komandalardan biri oyunun gedişində açıq hesabla geri düşə bilər. Tablo 5–0 və ya 6–1 göstərə bilər. Oyunun dinamikası artıq qalibin kim olduğunu deməyə əsas verir. Lakin hakim son fiti çalmayana qədər oyun rəsmi olaraq bitmiş sayılmır. Məhz buna görə də uduzan komanda haqqında “artıq uduzub” demək texniki olaraq doğru deyil, amma onun uduzduğu da hamıya aydındır.

Nəticə etibarilə, bu qarşıdurmanın ən dəqiq təsviri sadə, amma kəskindir. İran uduzur. Amma hələ uduzmayıb.

Elbəyi Həsənli, Sürix

Bizə qoşulun