“Rəfiqələrim, yaxınlarım hərdən mənə deyir ki, “sən filankəs haqda çox gözəl danışırsan, tərifləyirsən, amma bilirsənmi o sənə necə paxıllıq edir?”. Mən bu sözlərə gülürəm və deyirəm ki, əlbəttə o insanları başa düşürəm. Bəlkə də mən də onların yerinə olsaydım belə birinə paxıllıq edərdim. Əlbəttə ki, kim yaşından qat-qat cavan görünürsə, ağlı, huşu başındadırsa ona paxıllıq etmək normaldır. 7 yaşından 80 yaşına qədər millətin qabağında böyümək, yaşamaq, incəsənətdə olmaq çox çətindir. Şükürlər olsun ki, mən buna nail olmuşam. Bu bilirsiniz həm də nədən asılıdır? Koko Şanel də demişdi ki, 30 yaşına qədər Allahın verdiyi gözəllikdir, 30 yaşından sonra isə layiq olduğun gözəllikdir”
Bunu Medianews.az-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə deyib.
O daha sonra gənc xanımlara öz tövsiyyələrini verib:
“Mən həmişə qızlara tövsiyyə edirəm ki, özlərinə qulluq etsinlər, artıq tikə yeməsinlər, düzgün və sağlam həyat tərzi sürsünlər. Düzgün övlad tərbiyə edib, böyütmək lazımdır. Çünki bunlar insan üçün dərddir. Əgər yaxşı görünmək istəyirsinizsə bütün bunları sahmana salmaq lazımdır. Həm də bu həyatda işgüzar olmaq lazımdır. Nə olursa-olsun hər səhər idman edirəm, piyada gəzirəm, çalışıram ki, açıq havada olum. Hansısa ölkəyə gedirəmsə orada da piyada gəzirəm. Azərbaycanın bölgələrini də gəzməyi sevirəm. Bir də ümumiyyətlə insansevər adamam” deyə o bildirib.
O daha sonra gənc xanımların, ələxsus da aktrisaların plastik əməliyyat etdirməsini pisləyib:
“Mən yalnız onu deyə bilərəm ki, aktrisanın plastik əməliyyat etdirməyi düzgün deyil. Heç düzgün deyil. Özü də onlar hələ ki, cavandırlar, fironluq edirlər. Fikirləşmirlər ki, yaşa dolduqca xarici görünüşləri heç də yaxşı olmayacaq. Hər dəfə də əməliyyat etdirmək mümkün deyil. Artıq üzün əzələləri dəyişir. Ən son əməliyyat 50 yaşına qədər olmalıdır. Mənim burnum bir az dikdir. Həmişə rejissorlar mənə deyirlər ki, “siz niyə dik burunsuz?”. Azərbaycanlıların hamısının burnu balaca olur. Heç burnum özümün də xoşuma gəlmir. İndi hansı qıza baxırsan burunları dikdir. Bu dik burunda nə var axı?! Nə görmüsünüz bunda? Özü də hamısı bir-birinə oxşayır. Ona görə də camaat mənə maraqla baxır. Çünki mən digərlərindən fərqlənirəm” deyə aktrisa Suğra Bağırzadə deyir.
Əli Əsgər
Medianews.az