Medianews.az
G-82 kodu Gültəkin Hacıbəyliyə necə verilib? –
140 baxış

G-82 kodu Gültəkin Hacıbəyliyə necə verilib? – AÇIQLANDI

İstanbul Valiliyinin Miqrasiya İdarəsi Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin üzərinə G-82 kodunu Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) arayışı əsasında qoyubmuş.

Medianews.az bildirir ki, bu fakt ictimaiyyətə G.Hacıbəylinin MİT başqanı İbrahim Kalına müraciətindən bəlli olub.

G.Hacıbəylinin həmin müraciətini Milli Şuranın üzvləri yanvarın 15-də sosial şəbəkədə yayıblar.

G-82 kodu xarici terror təşkilatlarının üzvlərinə tətbiq edilir. Bu kodun tətbiq olunduğu şəxslər dövlət təhlükəsizliyi üçün təhdid yaradan əcnəbi terrorçu sayılır və tutularaq məcburi qaydada öz ölkələrinə təhvil verilirlər.

G.Hacıbəyli Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, 2025-ci il oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində ötən il Türkiyədə saxlanılıb. Hazırda onun Azərbaycana deportasiya olunması məsələsinə baxılır.

G.Hacıbəyli iki aya yaxındır Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılır.

2026-cı il yanvarın 14-də İstanbul İdarə Məhkəməsi G.Hacıbəylinin şikayətini təmin etməyib. Şikayətində G.Hacıbəyli onun barəsində çıxarılmış deportasiya qərarının dayandırılmasını istəmişdi.

Yanvarın 15-də isə Ankara İdarə Məhkəməsi G.Hacıbəylinin onun üzərindən G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib. İstanbul Valiliyinin Miqrasiya İdarəsindən Ankara İdarə Məhkəməsinə verilən cavabda bildirilib ki, onlar G-82 kodunu G.Hacıbəyliyə MİT-in 19.11.2025-ci il tarixli arayışı əsasında tətbiq ediblər.

G.Hacıbəyli MİT başqanı İ.Kalına müraciətində bunun əsassız olduğunu iddia edib və G-82 kodunun onun üzərindən götürülməsini istəyib.

Medianews.az

Bizə qoşulun