Medianews.az
İran ətrafında baş verənlər -
977 baxış

İran ətrafında baş verənlər - TƏHLİL

Venesuela ilə bağlı hadisələrin İrana mümkün təsir perspektivindən bəhs edərkən mühüm bir informasiya üzərində fokuslanmışdım, lakin o hissəni qabarıq göstərmədim.

ABŞ ilə İsrail İrana qarşı hərbi əməliyyat və ya güc tətbiqinin fərqli variantlarını təhdid kimi istifadə edərkən Rusiya faktoru üzə çıxdı.

İranın özünü strategiyası qəlizdir, onun regional və qlobal bazarlardakı mövqeləri də mürəkkəbdir. Bu, İranla əlaqədar strategiya yürüdən ölkələrin də siyasətini mürəkkəbləşdirir və yüksək risklər təqdim edir.

Hələ ABŞ Nikolas Maduronu həbs etməmişdən qabaq, anonimlik şərti ilə beynəlxalq mediaya mühüm bir məlumat sızdırılmışdı.

"Amwaj.media" nın əldə etdiyi məlumata görə, İran və İsrail bu yaxınlarda "qarşılıqlı dost" vasitəsilə gizli mesajlar mübadiləsi aparıblar. Həmin "qarşılıqlı dost" Rusiya Prezidenti Vladimir Putindir.

Məlumatlı mənbənin sözlərinə görə, dolayı yolla aparılan mübadilə razılaşma əldə etməkdənsə, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçündür.

Adının gizli saxlanılmasını istəyən Tehrandakı yüksək vəzifəli siyasi mənbə İsraillə dolayı əlaqənin bu yaxınlarda baş verdiyini təsdiqləyib.

İran və İsrail "ortaq dost" Putinə ayrıca olaraq hərbi əməliyyatları bərpa etməmək niyyətləri barədə məlumat verməsini nəzərdə tutan diplomatik mesajlaşma mübadiləsindən istifadə ediblər.

Bu, mühüm hadisədir və yeni dünya nizamında İranla İsrailin düşmənlik səviyyəsini minimallaşdırmaq, əvəzində rəqabət aparacaq dövlətlər olması üçün lazım olan keçidin əlamətidir.

Yaxın müddətli perspektiv üçün bu, real görünməsə də, uzunmüddətli gələcəkdə, yeni dünya nizamı qurulacağı təqdirdə, İranla İsrail əvvəlki sərt ritorika modelindən ayrılacaqlar.

Mövcud situasiyada isə İran da, İsrail də hərbi əməliyyatlardan çəkinirlər.

İran tərəfdən səbəblər:

- Ölkə daxilində hakimiyyət əleyhinə davam edən etirazlar və ABŞ prezidenti Donald Trampın dəfələrlə hərbi müdaxilə ilə bağlı təhdidləri,

- Ali rəhbər Seyid Əli Xameneinin varisliyi uğrunda kritik mübarizənin İran elitasına, təhlükəsizlik və kəşfiyyat strukturlarlarına mənfi təsirləri. Bu istiqamətdən İrandakı etirazların bir qismində İran elitasındakı rəqib qüvvələrin kölgəsinin görünməsi istisna olunmur,

- Xamenei başda olmaqla, yüksək vəzifəli İran rəsmiləri "iğtişaşçılar" və "etirazçılar" arasında fərq qoyaraq ölkədaxili vəziyyətin normallaşmasında balans axtarırlar. Ehtimal ki, İran ABŞ təhdidləri fonunda etirazlara effektiv reaksiya vermək imkanının məhdudlaşmasından ehtiyat edir,

- İranın geosiyasi aktivləri məhdudlaşıb, onun Yaxın Şərqə, Cənubi Qafqaza strateji çıxış imkanları daralıb. Bu, müharibə baş verəcəyi təqdirdə, İranın manevr qabiliyyətini aşağı salan amildir, üstəlik, İran, kritik hərbi eskalasiya ssenarisindən nə Çindən, nə Rusiyadan, nə də Hindistandan dəstək alacaq.

İsrail tərəfinin eskalasiyadan qaçmaq üçün səbəbləri:

- İsrail İran daxilində effektiv kəşfiyyat modeli qursa da, Yaxın Şərqdə İran strategiyasını sarsıtsa da, Tehranla birbaşa müharibə modelinin tətbiqi "yüksək riskli ssenari"dir,

- İsrail 2025-ci ilin iyunundakı 12 günlük müharibə ilə İrana ciddi ziyan vurmaq qabiliyyətini nümayiş etdirib. Amma İranın da cavabları İsrail üçün gözlənilməz idi.. Müharibə uzanacağı təqdirdə, İranın İsrail infrastrukturuna böyükmiqyaslı ziyan vuracağı qaçılmaz olacaqdı. İndi İsrail müharibə üçün hərəkətə keçdikdə ödəməli olduğu qiymət bir o daha yüksək olacağını nəzərə alır.

- İsrailin uzunmüddətli müharibə aparmaq üçün ABŞ-nin güclü dəstəyinə ehtiyacı çox vacibdir. 12 günlük müharibə isə göstərdi ki, ABŞ İsrailə konvensial müharibənin aparılması üçün dəstəyini təmin etmir,

- İrana birbaşa hərbi hücum ssenarisi təkcə İranı deyil, ümumilikdə regionu qeyri-sabitlik dövrünə sala bilər. Qlobal bazarlar, bu qeyri-sabitlikdən mənfi təsirlənə bilər.

Bunlar, ABŞ, İsrail və İranın müharibədən qaçmaq üçün ölçülü təxirə salmaq qərarlarını prioritetləşdirir.

Ancaq Rusiyanın İsrail ilə İran arasında "sakitlik" rejiminin vasitəçiliyi ilə məşğul olması Rusiya-ABŞ rəqabətində əlavə geosiyasi qarşıdurma yarada bilər.

Bu, əsasən moderatorluq səylərindən istifadə edərək İran daxilində geosiyasi şəbəkə qurmaq əməliyyatı kontekstində ABŞ ilə mübarizə kodunu dəyişəcək səviyyəni müəyyənləşdirir.

Nəticə

Venesuela modelinin İranda tətbiqi çox problematik görünür və Vaşinqtonla Təl-Əviv ideoloji çalarlarla işləyən İran strategiyasının ətrafına topladığı kütlənin qarşısında etibarlı mexanizm qura bilmir.

İranla İsrail arasında hərbi eskalasiya riskləri qalsa da, hər iki ölkə təhlükəsizlik və hərbi sistemini toqquşmaya hazır vəziyyətdə saxlasa da, açıq müharibədən yayınmaq davranışları da gündəmdədir.

Bu baxımdan İrana qarşı kəşfiyyat müharibəsinin davam etdirilməsi və hətta şiddətlənməsi daha çox ehtimal olunandır.

Aqşin Kərimov,

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

Bizə qoşulun