Medianews.az
Elektron diplomlar
179 baxış

Elektron diplomlar təhsildə nəyi dəyişəcək?

Mətbuat yazır ki, kağız formada diplom dövrü artıq bitdi. Ölkənin bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək.

Diplomun elektron variantı nədir? Dünya universitetləri niyə bundan istifadə edirlər? Bu haqda məlumat vermək istəyirik.

  1. Diplomların elektron versiyada verilməsinin təhsilə təsiri

Elektron diplomlar təhsilin mahiyyəti, legitimlik mexanizmləri və insan kapitalının ölçülməsi ilə bağlı problemlərə aydınlıq gətirməyə imkan verir. Məsələ təkcə “kağız diplomun elektronlaşması” deyil, təhsil–əmək–bacarıq zəncirinin yenidən qurulmasıdır.

Bu legitimlik və şəffaflıq imkanı yaradacaqdır. Elektron diplomlar saxtalaşdırmanı minimuma endirir, diplomun verilmə tarixini, proqramını, akkreditasiyasını anında yoxlamağa imkan verir. Bu universitetləri formallıq yox, real keyfiyyət üzərindən rəqabətə məcbur edir. Azərbaycan kontekstində bu, xüsusilə “diplom verən, amma bilik verməyən” universitetlərin (yəni 80 %) mövqeyini zəiflədə bilər, akkreditasiyanın real mexanizmə çevrilməsinə təkan verə bilər.

Bu dəyişiklik universitetlərin məsuliyyətini artıracaq. Elektron diplomlar sadəcə “buraxılış sənədi” deyil. Elektron diplom təhsil qeydiyyatının (tarixçənin) bir hissəsidir. Bu proqramların məzmununun, müəllim heyətinin, qiymətləndirmə sisteminin audit və müqayisəyə daha açıq olması deməkdir.

  1. Elektron diplomlar Azərbaycan təhsilində bir sıra sistem dəyişikliklərə səbəb ola bilər

Bu dəyişiklik mərkəzləşmiş nəzarətdən məlumat əsaslı idarəetməyə keçid imkanı yaradır. Elektron diplomlar bazası hansı ixtisasdan neçə nəfər məzun olur, məzunların əmək bazarında taleyi necədir, hansı universitet real dəyər yaradır kimi suallara cavab verə bilər. Bu isə planlaşdırmanı kağız üzərində yox, empirik məlumatlar əsasında aparmağa imkan yaradar.

Universitetlərin “adına görə yox, nəticəsinə görə” qiymətləndirilməsinə imkan yaranır. Əgər sistem düzgün qurularsa, universitet brendi yox, məzunun bacarığı və əmək bazarındakı uğuru əsas göstəriciyə çevrilə bilər. Bu, Azərbaycan üçün çox ciddi paradiqma dəyişikliyi ola bilər.

  1. Elektron diplomlar işə qəbul və kadr seçimi prosesini də dəyişəcək

Bu zaman sürətli və obyektiv yoxlama imkanı yaranacaq. İşəgötürən diplomun real olub-olmadığını saniyələr içində yoxlayar, ixtisas, proqram, tədris dili, təhsil forması barədə şəffaf məlumat əldə edər. Bu, HR proseslərində subyektivliyi azaldar, “tanışlıq” və “kağız üzərində uyğunluq” imkanlarını daraldar.

Diplomdan bacarığa doğru dəyişimə imkanı yaranır. Elektron sistem imkan verir ki, diplomla yanaşı mikro-sertifikatlar, modullar, layihələr, portfeliolar da eyni ekosistemdə təqdim olunsun. Bu halda işəgötürən daha soruşmayacaq ki, “Harada oxumusan?”, indi “Nə bacarırsan və bunu necə sübut edirsən?” sualı verəcəkdir.

  1. Gələcəkdə diplom anlayışı dəyişəcək

Klassik diplom modeli bir dəfə verilir, uzun müddət dəyişmir, bilik yox, status ifadə edir. Gələcəyin diplom modeli isə dinamik öyrənmə pasportu, bacarıqlar vaxtaşırı yenilənir, mikro-kvalifikasiyalarla zənginləşir, ömür boyu təhsili əks etdirir. Bu, dünya təhsil məkanında və əmək bazarında yeni anlayışlar yaradır. Bu anlayışların dəqiq qarşılıqlısı bizdə hələ yoxdur: micro-credentials, digital badges, skill passport (mikro-etimadnamələr, rəqəmsal nişanlar, bacarıq pasportu kimi tərcümə edilə bilər) kimi anlayışlarla formalaşır.

  1. Ümumən, diploma ehtiyac varmı?

Diploma yox, etibarlı təsdiq mexanizminə ehtiyac var. Diplom nəyə lazımdır? Diplom ilkin filtrləmə üçün, müəyyən peşələrdə (həkim, mühəndis, müəllim və s.) minimum standartı təmin etmək üçün, hüquqi və institusional legitimlik üçün lazımdır. Amma tək diplom hələ yetərli deyil. Diplom real bacarığı ölçməyə, adaptasiya və problem həllini göstərməyə, sürətlə dəyişən texnologiyalara uyğunluğu sübut etməyə də yetərli deyil.

  1. Elektron diplomların Azərbaycan üçün əsas risk və imkanları

Bu dəyişikliyin bəzi riskləri də ola bilər: elektron diplomu sadəcə texniki yenilik kimi tətbiq etmək, köhnə məzmunu rəqəmsal formaya salmaq. Eyni zamanda bəzi imkanlar da yaranır. Belə ki, elektron diplomlar əsaslı qiymətləndirmə, əmək bazarı ilə real inteqrasiya, təhsilin keyfiyyətinin ölçülməsinə keçid alətinə çevirə bilir.

Əgər elektron diplomlar yalnız kağızın PDF-i olacaqsa (çox ehtimal ki, bizdə belə də olacaqdır, necə ki, adi dərslik onun PDF versiyası ilə əvəzləndi və buna elektron dərslik deyildi), onda heç nə dəyişməyəcək. Əgər fərqli olacaqdırsa, o, bacarıq və öyrənmə tarixçəsinin güzgüsü olacaqsa – Azərbaycan təhsili üçün faydalı ola bilər.

İlham Əhmədov, 
pedaqoji elmlər namizədi, dosent

 

Bizə qoşulun