Medianews.az
İrandakı etirazların xronologiyası
136 baxış

İrandakı etirazların xronologiyası

Medianews.az İran islam Respublikasında dekabrın 28-də başlanan və qısa müddətdə ölkə üzrə geniş vüsət alan, kütləvi qırğınla nəticələnən aksiyaların xronologiyasını təqdim edir:

28 dekabr — Tehranın mərkəzində iki iri bazarda etiraz aksiyaları başlanır. Səbəb İran rialının dollar qarşısında tarixi minimuma düşməsi, inflyasiyanı dərinləşməsidir. Bu, ölkədə gündəlik tələbat mallarının qiymətini kəskin artırıb. Hökumətin dekabrın əvvəlində subsidiyalı benzinin qiymətini qaldırması da narazılığı gücləndirib.

29 dekabr — Etirazlar paytaxtdan digər şəhərlərə yayılır. Mərkəzi Bankın rəhbəri Məhəmməd Rza Fərzin istefa verir. Tehranda polis aksiyaçıları gözyaşardıcı qazla dağıdır.

30 dekabr — Aksiyalar daha çox şəhəri və bir neçə universiteti əhatə edir. Prezident Məsud Pezeşkian iş adamları ilə görüşür, hökumətin iqtisadi problemləri həll etmək üçün əlindən gələni əsirgəməyəcəyini deyir.

31 dekabr — Əbdülnasir Hümməti Mərkəzi Bankın yeni rəhbəri təyin olunur. Cənubdakı Fars ostanının Fəsa şəhərində etirazlar zorakılıqla müşayiət olunur, şəhər meriyasının binasına basqın edilir, polis əməkdaşları xəsarət alır.

1 yanvar — Rəsmən ilk ölüm xəbərləri yayılır: ən azı 7 nəfərin öldüyü bildirilir. Ən gərgin vəziyyət Luristan ostanının Əzna şəhərində qeydə alınır. Sosial şəbəkələrdə yayılan videolarda küçələrdə yanğınlar görünür və atəş səsləri eşidilir. “Fars” agentliyi üç nəfərin öldüyünü yazır. Bəxtiyari və İsfahan ostanlarında da ölənlər var. Luristanda “Bəsic” qüvvələrinin 21 yaşlı üzvü həlak olur.

2 yanvar — ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, İran hakimiyyətinin dinc etirazçıları öldürəcəyi təqdirdə ABŞ-ın “onların köməyinə gələcəyini” bildirir. Tramp ABŞ-ın “tam hazır vəziyyətdə” olduğunu bəyan edir. Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar İranın 31 ostanından 22-də, ümumilikdə 100-dən çox yaşayış məntəqəsində gedir.

3 yanvar — İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei “iğtişaşçıların yerində oturdulmalı olduğunu” deyir. Bu bəyanat təhlükəsizlik qüvvələrinə sərt müdaxilə üçün yaşıl işıq kimi dəyərləndirilir. Etirazlar 25 ostanda 170-dən çox nöqtəyə yayılır. Azı 15 nəfər öldürülür, 580 nəfər tutulur.

6 yanvar — Tehranın Böyük bazarında oturaq etiraz aksiyası keçirilir, polis gözyaşardıcı qazdan istifadə edir. Ölənlərin sayı 36-ya çatır, onlardan 2-si təhlükəsizlik qüvvələrinin üzvüdür. Etirazlar artıq 27 ostanda 280-dən çox məkanda qeydə alınır.

8 yanvar — İranın devrilmiş şahının mühacirətdə (ABŞ-da) yaşayan oğlu Rza Pəhləvi aksiyaçılara çağırış edir. İran hakimiyyəti ölkədə interneti və beynəlxalq telefon əlaqəsini kəsir.

9 yanvar — Hakimiyyət sərt tədbirlərin anonsunu verir. Buna baxmayaraq, etirazlar davam edir. Hüquq müdafiəçiləri azı 65 nəfərin öldüyünü, 2 mindən çox insanın tutulduğunu bildirir.

10 yanvar — Etirazlar iki həftəni tamamlayır. Ölənlərin sayı 116 nəfərə çatır. Baş prokuror Məhəmməd Mövahhədi Azad etirazlarda iştirakın “Allaha qarşı üsyan” kimi qiymətləndiriləcəyini bəyan edir, İranda “Allaha qarşı üsyan”da təqsirli bilinmənin cəzasının edam olduğunu yada salır.

11 yanvar — Donald Tramp bildirir ki, onun təhdidlərindən sonra İrandan danışıqlar təklifi alıb. Fəallar ölənlərin sayının 544-ə çatdığını bildirirlər.

12 yanvar — Ölkədə hökumətə dəstək mitinqləri keçirilir. Mitinqlərdə on minlərlə insan iştirak edir. Qeyri-rəsmi xəbərlərdə ölənlərin sayının 646 nəfərə çatdığı deyilir.

13 yanvar — Bir neçə günlük fasilədən sonra iranlılar ilk dəfə xaricə telefonla zəng edə bilirlər. İctimai fəallar ölənlərin sayının 2500-ü keçdiyini deyirlər. Tramp İran nümayəndələri ilə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayır və “etirazçılara köməyin yolda olduğunu” bəyan edir.

14 yanvar — İran ABŞ və İsrailin mümkün müdaxiləsinə cavab veriləcəyini vurğulayır. Rəsmi şəxslər tutulan etirazçıların sürətlə mühakimə olunacağını onları edam cəzasının gözlədiyini bildirirlər. Günün sonunda Donald Tramp İranda etirazçılara qarşı zorakılığın azaldığı, rejimin aksiyaçıları kütləvi edam etmək planının olmadığı haqda məlumat aldığını söyləyir.

15 yanvar — ABŞ və İran nümayəndələri BMT Təhlükəsizlik Şurasında üz-üzə gəlir. ABŞ yenidən Tehranı hədələyir. İran diplomatı Vaşinqtonu iğtişaşların zorakılığa çevrilməsində birbaşa rol oynamaqda ittiham edir.

Medianews.az

Bizə qoşulun