Müğənni İlkin Dövlətov tarixi filmə çəkilib.
Musavat.com xəbər verir ki, o, “Aydəmir Entertainment” MMC tərəfindən dövlət sifarişi ilə istehsal ediləcək “Azərbaycan Mədəni İrsinə səyahət: Aşquz dövləti” adlı tammetrajlı (3 seriyalı) bədii-sənədli filmdə rol alacaq.
Ekran işi Azərbaycan və ümumtürk tarixinin ən qədim dövlətçilik mərhələlərindən birinə həsr olunub.
Qeyd edək ki, layihə qədim Aşquz (skif) dünyasının doğuluş anını, bir xalqın çöldən imperiyalar səhnəsinə çıxışını və dövlət olmaq üçün ruh, qan və ağıl ilə verdiyi mübarizəni danışır.
İşpakay adlı qəhrəman sərkərdənin Assuriya ilə döyüşdə həlak olmasından sonra tayfalar dağılış və qorxuyla üz-üzə qalır. İşpakayın dəfn mərasimində, dörd tayfa arasında qədim andiçmə mərasimi ilə yeni lider doğulur: Bartatua. O, təkcə qılıncla yox, diplomatiya, strateji və birləşdirici ruhla tarix səhnəsinə çıxır. Filmin ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənlidir.
Ümumi büdcəsi 657 min manat olan bədii-sənədli filmin yaradıcı heyətinə Azərbaycan kino sənayesində tanınmış mütəxəssislər daxildir. Layihənin quruluşçu rejissoru Elvin Əhmədov, baş prodüseri Azər Aydəmir, icraçı prodüseri Ülviyyə Kərimova, baş redaktoru Etibar Məmmədov, ikinci rejissoru Müşfiq Mirzəzadə, qrafik dizayneri isə Rövşən Abıyevdir.