"Ən əsası, biz irəli baxırıq. Keçmişə diqqət yetirib baş verənlərin səbəblərini axtarsaq, fürsətləri əldən verəcəyik. Biz bunu qiymətləndirir və dərk edirik".
Medianews.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sülh içində yaşamağı öyrənməliyik və sizi əmin edə bilərəm ki, bu, bizim üçün də qeyri-adi və yeni bir reallıqdır", - deyə Ermənistan prezidenti bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər: "Hazırda Azərbaycandan yüklər Gürcüstan ərazisindən tranzitlə daşınır, lakin gələcəkdə ölkələr arasında birbaşa təchizat mümkündür. Əldə edilən razılaşmalar ərazi bütövlüyü, suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və sərhədlərin açılması münasibətlərin inkişafı üçün məntiqi addım olacaq. Əməkdaşlıq Cənubi Qafqazı Avropa ilə Asiya arasında daha siyasi və iqtisadi cəhətdən sabit və gəlirli bir bölgəyə çevirəcək. Sülhə sadiq qaldıqlarına görə Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyana minnətdarlığımı bildirirəm.
İndi Azərbaycandan yüklər Gürcüstan ərazisindən Ermənistana gedir və əminəm ki, bir gün onları birbaşa öz ərazimizdən daşıya biləcəyik. Bu, bizə Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqəsi yaratmağa və 90-cı illərin problemlərini aradan qaldırmağa imkan verəcək".