Hazırda Azərbaycanda ali təhsilli şəxslər üçün hərbi xidmət müddəti 1 il, digər vətəndaşlar üçün isə 1 il 6 ay müəyyən edilib. Bəs hərbi xidmət müddətinin bütün çağırışçılar üçün 1 ilə endirilməsi mümkündür?
Hərbi ekspert Tərlan Eyvazov Metbuat.az-a açıqlamasında belə bir təşəbbüs olarsa, dəstəkləyəcəyini söyləyib.
O qeyd edib ki, artıq hökumətimiz bizə qonşu, lakin uzun illər düşmən münasibətlərində olduğumuz Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımlar atır və Ermənistan tərəfindən də oxşar addımlar müşahidə olunur:
“Bu baxımdan hətta hərbi büdcənin 2030-cu ilə qədər mərhələli şəkildə azaldılması da nəzərdə tutulur. Təbii ki, hərbi büdcənin azalması özlüyündə hərbi heyətin, yəni çağırışçıların sayının azaldılmasını da ehtiva edir. Bu səbəbdən düşünürəm ki, əgər bu istiqamətdə planlı və gözlənildiyi kimi tədbirlər davam edərsə, orduda xidmət müddətinin 1 ilə endirilməsi mümkündür. Hətta ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin 1 ildən 6 aya qədər azaldılması təklifini də irəli sürmüşük. Lakin bütün hallarda bu məsələyə ciddi hesablamalar əsasında yanaşılmalıdır”.
T.Eyvazov diqqətə çatdırıb ki, Azərbaycanda son on ildə doğum səviyyəsində azalma müşahidə olunur:
“Buna görə də hərbi xidmətlə bağlı qərarlar qəbul edilərkən əhalinin artımı və demoqrafik göstəricilər də mütləq nəzərə alınmalıdır. Şübhəsiz ki, bu, aidiyyəti dövlət qurumlarının və mütəxəssislərin səlahiyyətində olan məsələdir və müvafiq hesablamalar aparılmalıdır. Ancaq hər bir halda, sülh şəraitində Azərbaycanın indiki həcmdə silahlı qüvvə saxlaması o qədər də zəruri görünmür. Bu qüvvələrin mərhələli şəkildə azaldılması isə qeyd olunan təşəbbüslərin reallaşdırılmasına imkan yarada bilər”.