Havanın çirklənməsi qidalanma və fiziki aktivlik səviyyəsi dəyişməz qalsa belə, piyin toplanmasına və əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.
Medianews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçılarının nəticələri "Diabetes Care" jurnalında dərc olunub.
Alimlər İspaniyada yaşayan, artıq çəki və metabolik sindromdan - yüksək qan şəkəri, hipertoniya və xolesterin mübadiləsinin pozulmasının birləşməsindən əziyyət çəkən 55-75 yaş arası 1454 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar çirklənmə səviyyəsinin yüksək olduğu Barselona da daxil olmaqla, beş fərqli şəhərdə yaşayırdılar.
Tədqiqatçılar havanı çirkləndirən üç əsas amilin - PM2.5 incə dispersiyalı hissəciklərin, azot dioksidinin və əsasən dizel mühərriklərinin fəaliyyəti nəticəsində yaranan hisin təsirini qiymətləndiriblər.
Əksər oxşar tədqiqatlardan fərqli olaraq, yeni araşdırmada alimlər yalnız çəki ölçməklə kifayətlənməyiblər. İştirakçılara üç dəfə - araşdırmanın əvvəlində, bir il sonra və üç il sonra - DXA densitometriyası tətbiq olunub. Bu üsul piy və əzələ toxumasının miqdarını ayrı-ayrılıqda qiymətləndirməyə, həmçinin piyin bədəndə hansı nahiyələrdə toplandığını dəqiq müəyyən etməyə imkan verir.
Məlum olub ki, daha çirkli havası olan ərazilərdə yaşayan insanlarda zaman keçdikcə bədəndəki piy faizi artır, əzələ kütləsi isə azalır. Xüsusilə, hislə bağlı güclü əlaqə müşahidə olunub. Belə ki, üç il ərzində ən çirkli bölgələrin sakinləri təxminən bir kiloqram əzələ toxuması itiriblər.
Bundan əlavə, tədqiqat ilk dəfə olaraq havanın çirklənməsi ilə daxili orqanları əhatə edən qarın boşluğundakı dərin piyin - visseral piyin toplanması arasında əlaqəni ortaya qoyub. Bu növ piy xüsusilə təhlükəli hesab olunur. Çünki o, xroniki iltihab, diabet və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.
Tədqiqatçıların sözlərinə görə, xırda çirkləndirici hissəciklər qan dövranına daxil olaraq sistemli iltihab yarada bilər. Bu isə maddələr mübadiləsinə və bədəndə piyin paylanmasına təsir göstərir.
Bununla belə, müəlliflər vurğulayırlar ki, bu araşdırma yalnız əlaqəni aşkar edib və hələlik birbaşa səbəb-nəticə münasibətini tam sübut etmir.