Dünya Səhiyyə Təşkilatı Argentina-Yaşıl Burun Adaları marşrutu üzrə hərəkət edən kruiz gəmisində hantavirus aşkarlayıb. Virusdan 3 nəfər ölüb.
Hantavirus nədir? Bu virusa yoluxma necə baş verir? Azərbaycanda nə vaxtsa hantavirusa yoluxma olubmu? Hazırda bu virusunun yayılaraq Azərbaycana da çatması ehtimalı varmı? Virusdan qorunmaq üçün nə kimi tədbirlər görməliyik?

Mövzu ilə bağlı Medianews.az-a danışan həkim-infeksionist Polina Əliyeva bildirib ki, hantavirus infeksiyası əsasən gəmiricilər vasitəsilə yayılan viruslar qrupuna daxildir: “Bu cür viruslar insanlara birbaşa insandan insana keçmir (nadir istisnalar var), əsas yoluxma mənbəyi isə yoluxmuş siçan və ya digər gəmiricilərin ifrazatları – sidik, nəcis və tüpürcəyidir. İnsanlar bu ifrazatların quruyaraq havaya qarışmış hissəciklərini tənəffüs etdikdə yoluxa bilirlər. Daha nadir hallarda isə gəmirici dişləməsi ilə də yoluxma mümkündür.
Dünya Səhiyyə Təşkilatının açıqladığı konkret hadisəyə gəlincə, kruiz gəmisi kimi qapalı mühitlərdə belə infeksiyaların yayılması ehtimalı diqqətlə araşdırılır. Lakin burada əsas məqam ondan ibarətdir ki, hantavirusun yayılması üçün mütləq gəmirici faktoru olmalıdır. Yəni bu, klassik respirator viruslar – məsələn, COVİD-19 kimi – sürətlə insandan insana keçən infeksiya deyil”.
Həkim-infeksionist qeyd edib ki, hantavirus infeksiyası iki əsas klinik formada müşahidə olunur: “Bunlardan biri daha çox Amerika qitəsində rast gəlinən və ağciyərləri zədələyən hantavirus pulmonar sindromudur (HPS). Digəri isə Avropa və Asiyada yayılmış, böyrəklərə təsir edən hemorragik qızdırma böyrək sindromu (HFRS) kimi tanınır. Hər iki forma ağır gedişata malik ola bilər.

Xəstəliyin ilkin əlamətləri qeyri-spesifikdir və adətən qızdırma, halsızlıq, əzələ ağrıları, baş ağrısı və ürəkbulanma ilə başlayır. Daha ağır hallarda isə tənəffüs çətinliyi və ya böyrək funksiyalarında pozulmalar inkişaf edə bilər. Virusun inkubasiya dövrü, yəni yoluxmadan sonra simptomların ortaya çıxma müddəti adətən 1-5 həftə arasında dəyişir.
Müalicə baxımından hantavirus üçün spesifik antiviral terapiya geniş şəkildə mövcud deyil. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə və orqanizmin dəstəklənməsinə yönəlir. Ağır hallarda xəstələr reanimasiya şəraitində müalicə oluna bilər. Bəzi formalarda, xüsusilə hantavirus pulmonar sindromunda ölüm dərəcəsi 30-40%-ə çata bilər ki, bu da xəstəliyin ciddiliyini göstərir. Hazırda bu virusa qarşı geniş istifadə olunan universal peyvənd mövcud deyil”.
Azərbaycanda hantavirusla bağlı vəziyyətə gəlincə, Polina Əliyeva deyib ki, indiyə qədər ölkəmizdə geniş yayılmış və ya ciddi epidemiya xarakteri almış hallar qeydə alınmayıb: “Ayrı-ayrı sporadik (tək-tək) halların olub-olmaması isə əsasən epidemioloji nəzarət məlumatlarına bağlıdır, amma ümumi mənzərə sabit sayılır. Bu da onunla bağlıdır ki, virusun yayılması daha çox müəyyən coğrafi zonalarda, xüsusilə Şimali və Cənubi Amerikada, bəzi Avropa və Asiya regionlarında müşahidə olunur”.
Polina Əliyevanın sözlərinə görə, bu virusun Azərbaycana yayılma ehtimalını yüksək riskli vəziyyət kimi qiymətləndirmək düzgün olmaz: “Çünki bu virusun yayılması üçün spesifik ekoloji zəncir lazımdır, yəni yoluxmuş gəmirici populyasiyası. Beynəlxalq səyahətlər nəzərə alınsa belə, hantavirus pandemik potensiala malik virus hesab olunmur.

Qorunma tədbirlərinə gəlincə, Polina Əliyeva bildirib ki, burada əsas prinsip çox sadədir: gəmiricilərlə təmasdan maksimum uzaq olmaq və gigiyenik qaydalara riayət etmək.
Xüsusilə:
- Zirzəmilər, anbarlar və uzun müddət istifadə olunmayan məkanlar təmizlənərkən maska və əlcəkdən istifadə etmək,
- Gəmirici ifrazatları ilə birbaşa təmasdan qaçmaq,
- Qida məhsullarını açıq saxlamamaq,
- Yaşayış və iş yerlərində dezinfeksiya və deratizasiya tədbirlərini gücləndirmək vacibdir.
Həkim-infeksionist vurğulayıb ki, hətta uzaq ölkələrdə hantavirusun aşkarlanması xəbəri də Azərbaycanda kimlərdəsə narahatlıq yarada bilər, amma panikaya əsas yoxdur: “Məlumatlı olmaq, eyni zamanda riskləri düzgün qiymətləndirmək ən doğru yanaşmadır”.
Nailə Qasımova,
Medianews.az