Medianews.az
Güzəştli mənzillərin satışı:
758 baxış

Güzəştli mənzillərin satışı: Şikayət çox, reaksiya yox

Dekabrın 3-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub.

Ümumilikdə 627 mənzil satışa çıxarılıb. Qeyri-rəsmi mənbələrdə yayılan xəbərlərə görə, mənzillərin satışı 1 dəqiqəyə yekunlaşıb. Bir çox istifadəçi satış zamanı xeyli çatışmazlığın, xüsusən texniki problemlərin ortaya çıxdığını, satış başlanan an sistemin ani olaraq çökdüyünü, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər.

Medianews.az-ın məlumatına görə, texnobloger Fərid Pərdəşünas məsələ ilə bağlı sosial media hesabında yazıb: “MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb.

Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər.

Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.

Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir”.

İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz isə feysbuk şəbəkəsində bu məsələ ilə əlaqədar bildirib: “Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Agentliyin saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib. İlk dəfədir ki, belə hal müşahidə olunur. Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı”.

O.Gündüz qeyd edib ki, bəzi istifadəçilər əvvəlki satışlarda sistemdə prosesi icra etdikdən sonra mənzil ala bilmədiklərindən şikayətlənirdirlərsə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığını söyləyiblər: “Ümid edirəm ki, MİDA və aidiyyəti qurumlar baş verənlərə aydınlıq gətirəcək”.

Medianews.az

Bizə qoşulun