Medianews.az
Gürcüstan Zəngəzur dəhlizinə qarşı -
707 baxış

Gürcüstan Zəngəzur dəhlizinə qarşı - Rəsmi Tiflis Azərbaycanla problem axtarır?

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma Gürcüstan hakimiyyətini narahat edir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. 

O bildirib ki, Gürcüstan 30 ildir Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək, regionda tranzit rolunu oynayıb: “Bu tranzitdən ildə milyonlarla dollar mənfəət əldə edir. Lakin 2020-ci ildən Cənubi Qafazda qüvvələr balansı dəyişib və yeni geosiyasi nizam yaranır. Həmçinin regionda geosiyasi proseslər sürətlə dəyişir, Gürcüstan hakimiyyəti isə yeni geosiyasi reallıqlarla barışmaq istəmir. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya nəqliyyat əlaqələrini inteqrasiya edir. Gürcüstan da bu prosesin tərkib hissəsidir. Amma rəsmi Tiflis Azərbaycanla problemlər axtarır.

Gürcüstan Zəngəzur dəhlizinin açılması fonunda tranzit imkanlarının məhdudlaşmasını ağrılı şəkildə qarşılayır. Halbuki Cənubi Qafqazda nəqliyyat yollarının şaxələndirilməsi regional siyasi çağırışlardan irəli gəlir. Asiyadan daşınan yüklərin Orta Dəhliz vasitəsilə Qərbə daşınması avtomobil yolu ilə Gürcüstan, dəmiryol vasitəsilə Zəngəzur dəhlizindən keçəcək. 

Görünür, Rusiyanın birbaşa təhriki ilə "Gürcü Arzusu" hökuməti Zəngəzur dəhlizinə görə Azərbaycana təzyiqlər edir. Əgər Gürcüstan Azərbaycana problemlər yaradarsa, İran ərazisində reallaşmaqda olan "Araz" dəhlizi vasitəsilə, həmçinin gələcəkdə Zəngəzur dəhlizindən tam istifadə etməklə Azərbaycan Gürcüstan üzərindən bütün tranzitləri dayandıra bilər. Bura həm neft-qaz kəmərləri, həm də digər logistika tranziti daxildir.

"Gürcü Arzusu" hakimiyyətə gəldiyi ilk dövrlərdə Rusiyanın təhriki ilə Azərbaycanın neft və qaz kəmərləri ilə bağlı təxribatlara əl atırdı. Gürcüstanda hakimiyyətdə olan Kreml yandaşları Cənubi Qafqaz üçün ciddi problemdir və regiondakı geosiyasi çağırışlara cavab vermirlər. Daha çox Kremldən gələn narrativlərlə hərəkət edirlər. Azərbaycana qarşı problem yaradan "Gürcü Arzusu" hökuməti ciddi sınaqlarla qarşı-qarşıya qala bilər”.

Medianews.az

Bizə qoşulun