Medianews.az
Filmə çevrilən məşhur quldurun real tarixçəsi -
147 baxış

Filmə çevrilən məşhur quldurun real tarixçəsi - Qisas və qanun

1975-ci ildə SSRİ-nin, o cümlədən Azərbaycanın bir çox kinoteatrında yeni bir hind filmi nümayiş etdirildi. Bu, yaşlı, az da olsa orta nəslin hələ də xatırladığı “Qisas və qanun” filmi idi.

Film bizim tamaşaçılarımıza “Qığılcım” adı ilə də təqdim olunmuşdu. Bu, filmin əsl adının hind dilində “Şolay” (Şölə) olmasından qaynaqlanırdı.

Tamaşaçı vestern janrında, lakin Şərq sentimentallığının təkrarsız təsiri, həmçinin müsiqi, döyüş səhnələri, qəddarlıq, dostluq, sadiqlik, qisas andı kimi xüsusiyyətlərlə zəngin olan filmi çox maraqla seyr edirdi. Xeyir və şərin əbədi mübarizəsi, sonda xeyirin çox halda həyatda olmasa da, ekranda mütləq qalib gələcəyinə inam tamaşaçı üçün bu filmi daha da baxımlı edirdi.

Lakin mövzumuz filmin çəkilişi, sənət nümunəsi kimi onun təhlil edilməsi deyil, filmdəki əsas mənfi obraz olan Qabbar Sinqh haqqındadır.

Məşhur ssenarist tandemi Səlim Xan və Cavid Əhtar ssenari axtarışlarında olarkən Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun təhlükəsizlik xidmətinin keçmiş rəisi Xosrov Fəramərz Rüstəmcinin yazılı xatirələrinə rast gəlirlər.

Xosrov Fəramərz Rüstəmci

Xosrov Fəramərz öz xatirələrində 1958-ci ildə Hindistanın Madhya Pradeş ştatında (əyalətində) polis rəisi işləyərkən bir hadisədən bəhs edir:

“Uzun illərdir ki, yerli əhali günahları ucbatından tanrıların onlardan üz döndərdiyini, gözəgörünməz bir varlığı – kabusu onlara cəza göndərdiyini deyir. Onlar bu şərə nəinki qalib gəlməyi, hətta onunla mübarizə aparmağı belə ağıllarına gətirmirlər. Əhali baş verən cinayət, qətl, quldurluğu taleyin yazısı kimi qəbul edir. Elə kənd yoxdur ki, orada kimsə qətlə yetirilməsin, elə yer yoxdur ki, orada soyğun olmasın, bu soyğun hətta sərnişin və yük qatarlarından da yan keçmir. Məndən (Xosrov Fəramərz) əvvəl işləmiş polis rəisləri hadisə yerində izlərin olmadığını bildirirlər, öldürülən şəxslərin yaxınları, yəni zərərçəkmişlər isə ifadə vermək istəmirlər. Baş verənləri tale yazısı kimi qəbul edib bununla yaşamağı yeganə düzgün yol sayırlar. Dindirilmiş şəxslərin gözlərində vahimə, ümidsizlik, qorxu hökm sürür. Kimsə heç nə bilmir. Hadisə yerinin protokolları boş kağızdan ibarətdir desək, yanılmarıq. Maddi sübutlar, o cümlədən patron gilizləri iş materiallarına əlavə olunmayıb. Hadisə yerində çəkilmiş bir neçə şəkil isə boz, anlaşılmaz predmətlərdən başqa heç nəyi əks etdirmir. İstintaq bir neçə aydır davam etsə də, hər hansı nəticəyə gələ bilmirik. Rasional düşüncə və təhsilimi saymasam, deyəsən sonda baş verən hadisələrin həqiqətən bir xəyali varlıq tərəfindən törədilməsini qəbul edəcəyəm. Lakin xəyali varlıq heç zaman “Colt Webley 455”dən (ingilis revolveri) istifadə etmir. Demək ki, bu bir insandır”.

Polis rəisi yanılmırdı. Bu hadisələri törədən şəxs Qabbar Sinqh Quccar idi!

"Qisas və qanun" filmində Qabbar Sinqh obrazı

Qabbar Sinqh 1926-cı ildə anadan olub. Əvvəlcə məşhur quldur Qəlyan Xanın dəstəsində olsa da, sonra ondan ayrılaraq, özü kimi canilərdən ibarət ayrıca dəstə yaradır, ətraf bölgələri, orada yaşayan insanları vahimədə saxlayır. Qətllər, bir çox halda səbəbsiz qətllər, soyğun və quldurluq törədir, dəfələrlə qurulmuş pusqulardan yan ötməklə hec bir vəchlə ələ keçmir.

Polis rəisi istintaqın ilkin mərhələsində hələ bu hadisələri törədən şəxsin məşhur quldur Qabbar Sinqh Quccar olduğunu bilmir. Yalnız sonrakı istintaq hərəkətləri, cəsarətli şahidlərin ifadələri həmin şəxsin Qabbar Sinqh Quccar olduğunu ortaya çıxarır. Lakin təşkil edilmiş əməliyyatlar, pusqular heç bir nəticə vermir.

Xosrov Fəramərz xatirələrində yazır: “O, sanki bizim nə edəcəyimizi, harada və nə zaman edəcəyimizi öncədən bilirdi. Biz həmişə gecikirdik. Mən anlayıram ki, Qabbar Sinqhi tutmaq zaman məsələsidir, amma təəssüf ki, zaman yeni göz yaşları, yeni qarət, yeni qətl, yeni soyğunçuluq deməkdir. Gecikmək olmaz”.

Çoxsaylı əməliyyatlar nəticəsində polis rəisi Xosrov Fəramərz Qabbar Sinqhin dəstəsindən olan bir şəxsi yaxalaya bilir. İlkin mərhələdə hər vəchlə ifadə verməkdən boyun qaçıran həmin şəxs öz təhlükəsizliyinə təminat aldıqdan sonra danışmağa razılaşır.

Polis rəisi Xosrov Fəramərz Rüstəmci yazır: “Bu şəxsin ifadəsi əsasında biz çoxsaylı cinayətlər, onların törədilmə üsul və vasitələri, qarət edilmiş əşyaların sonradan haralarda, kimlərə satılması, eləcə də Qabbar Sinqhin daim dəyişdiyi düşərgələr haqqında məlumatlar əldə etdik. Məlumatlar onun təqsirini yetərincə sübut etsə də, Qabbarın yaxalanmasına yardımçı ola bilmirdi. Dindirmənin nəticəsində mən belə anladım ki, Qabbar Sinqh kimsəyə inanmır və etibar etmir. Ayın 14-də mən yenidən dindirmə keçirdim. Nəticədə aydın oldu ki, Qabbar Sinqh öz cəzasızlığına əmindir. Bu əminlik onun daha da sərbəst hərəkət etməsinə şərait yaradır”.

"Qisas və qanun" filmindən

Lakin bir müddət sonra Qabbar Sinqh dəstəsilə gecələdiyi bir kənddə pusquya salınaraq həbs edilir.

Polis rəisi Xosrov Fəramərz Rüstəmci yazır: “Bu bir uğur idi. İllərlə izinə düşdüyümüz amansız qatil və quldur Qabbar ələ keçmişdi. Çox maraqlı idi ki, heç kimin gözləmədiyi halda Qabbarı gənc bir polis zabiti yaxalamışdı. Etiraf etməyə məcburam ki, bu, yüksək səviyyədə hazırlanmış əməliyyatın yox, təsadüflərin inanılmaz şəkildə bir nöqtədə birləşməsi nəticəsində olmuşdu. Bəzən belə təsadüflər bir insan taleyini, gələcəyini müəyyən edir. Qabbar cəzasız qalacağına əmin olaraq yaxın kəndlərin birində yaşayan bir qadının evində gecələdikdən sonra, səhərə yaxın evi tərk edib getmək istərkən, həmin kənddə qohumları ilə görüşdən qayıdan gənc zabitlə yol kəsişməsində rastlaşır. Zabitin “Dayan!” əmrinə tabe olmayan Qabbar Sinqh dalbadal bir neçə dəfə ona atəş açmağa çalışsa da, tapançanın topu işləmədiyindən atəş açılmır. Zabitin havaya, sonra isə Qabbarın ayaqlarına altına atdığı atəş onu dayanmağa məcbur edir. Həmin gənc zabit onu qandallayır. Göylər həmin gün, həmin saat o zabitin tale yazısına ölüm sözü yazmamışdı. Nə yazıq ki, ölümsüzlük bəxş edilmiş bir həyatın əzabsız və ağrılarla keçməyəcəyinə zəmanət vermir.

Bizim sevincimiz uzun sürmədi. Mərkəzi həbsxanaya etap edilərkən Qabbar Sinqh yolda qaça bilmişdi. Bu hadisə və onun baş vermə səbəbləri hələ də qaranlıq qalır. İnanmaq istəməzdim ki, silahdaşlarım arasında satqın olsun. Əsl faciələr bundan sonra başlandı, Qabbar Sinqh həmin gənc zabitin ailəsinin yaşadığı kəndə hücum edərək onun ailə üzvlərini qətlə yetirdi”.

Burada bir haşiyə çıxmaq istərdim, əgər xatırlayırsınızsa, filmdə polis inspektoru Təkur Sinqhin ailə üzvləri qətlə yetirilir, yalnız onun gəlini sağ qalır. Ssenari müəllifləri bu epizodu bəhs edilən hadisədən götürmüşdülər.

Qabbar Sinqhin tutulması, yaxud məhv edilməsi artıq şərəf məsələsinə çevrilmişdi.

Qabbar Sinqh Quccarın öldürüldükdən sonra çəkilmiş şəkli

Xosrov Fəramərz yazır: “Mən bir anlıq polıs zabiti olduğumu unutmaq, gözüyaşlı qalan, əzilən insanların qisasını almaq istəyirdim. Az qala düşünürdüm ki, qanun deyil, qisas önəmlidir. Qətlə yetirilən, incidilən, əzilən insanların göz yaşını qanun kitablarının təmiz səhifələrində yazılan mürəkkəb deyil, yalnız qan yuya bilər! Qisas və qanun! Qisas, yoxsa qanun?! Seçim et. Amma sən qisası deyil, qanunu seçməlisən. Bəs qisas almağa gücü çatmayan insanlar, bunu bacarmayan insanlar nə etsin?! Bu insanların yeganə dayağı sənin qoruduğun və xidmət etdiyin qanundur! Sən qanunu seçməlisən! Nəhayət, 1959-cu ilin 13 noyabrında Caqqanath Pur kəndi yaxınlığında, uzun təqibdən sonra Qabbar Sinq Quccar mühasirəyə düşdü. Mən onu sağ ələ keçirib xalq məhkəməsinə çıxarmağı əmr etmişdim. Dayanmadan həmin kəndə getdim. Uzaqdan atəş səsləri gəlirdi. Təəssüf ki, Qabbar Sinqhi sağ ələ keçirə bilmədik. O, atışmada öldürüldü. Cəsədinə yaxınlaşdım, gözlərində ölüm qorxusunun yaratdığı vahimə donub qalmışdı. Bu onun sonuncu baxışı idi, vahimə, qorxu, nifrətin qarışığından yaranan bir baxış. Hər şey bitmişdi. Hər şey geridə qalmışdı. Qisas və qanun! Qisas, yoxsa qanun sualı önündə mən yorulmadan qanunu seçdim, qanuni qisasın daha ədalətli və düzgün olduğuna heç bir şübhə etmədən!”

Beləliklə, daha bir caninin hekayəsi bitir. Həyat bir ağ kitabdır. Hər bir insan orada öz həyat hekəyəsini yazır. Kimisi sevinc, kimisi kədər dolu sətirlərlə, kimisi dolğun, kimisi də qırıq, heç nə ifadə etməyən cümlələrlə. Xoşbəxt bəlkə də o insandır ki, yazdığı tale kitabını ondan sonra gələnlər təbəssümlə, sətir-sətir, təkrarən oxuyacaqlar.

İsmət Süleymanlı,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kurs tələbəsi

Bizə qoşulun