Son günlər ölkə iqtisadiyyatına zərər vurmaq məqsədilə ayrı-ayrı şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə müxtəlif məhsulların ölkəyə gətirilməsi, onların qanunsuz satışı və digər oxşar əməllərlə bağlı hüquq mühafizə orqanları tərəfindən kompleks və sistemli tədbirlər həyata keçirir.
Mövcud məsələ ilə əlaqədar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu, “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və digər qardaşı oğlunun vəzifədən uzaqlaşdırılması ictimaiyyətdə böyük şok effekti yaradıb. Bu, artıq “toxunulmaz” sayılan şəxslərə də növbə çatdığı mesajını verir və dövlət əmlakını talayan hər kəsin qanun qarşısında cavabdeh olacağını açıq şəkildə nümayiş etdirir.
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında keçirilən əməliyyat göstərir ki, hüquq-mühafizə orqanları işlərini dərinləşdirərək yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilə biləcəyini nümayiş etdirir. Bu proses eyni zamanda Azərbaycanda dövləti sarmış qohumbazlıq, tayfabazlıq sisteminin zəifləməsinə və çöküşünə xidmət edə bilər. Prezident İlham Əliyevin iradəsi, qanunun aliliyi və dövlət maraqlarının üstünlüyü bu əməliyyatlarda açıq şəkildə əks olunub.
Medianews.az xəbər verir ki,bənzər anti-korrupsiya əməliyyatlarına 2022-ci ilin noyabrında Naxçıvan MR-da Vasif Talıbov və tayfasına qarşı keçirilən tədbirlərdə də rast gəlinmişdi. Hazırda aparılan əməliyyatlar da sistemli mübarizənin davamlı olduğunu göstərir.
Ruslan Eyyubovun həbsi, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubovun işdən çıxarılması ölkədə yeni dönəmin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Azərbaycan hakimiyyətinə ən yaxın şəxslərdən biri hesab edilən Bəylər Eyyubovun bir qardaşı oğlunun həbs olunması, digərinin isə vəzifədən uzaqlaşdırılması cəmiyyətə çox ciddi mesajlar verir:
“Bu hadisə Azərbaycanda heç kimin mənsub olduğu ailədən və ya daşıdığı soyaddan asılı olmayaraq toxunulmaz olmadığını açıq şəkildə nümayiş etdirir. Əslində, dövlətin maraqlarına zidd hərəkət edən, qanunu pozan hər kəs məsuliyyətə cəlb olunmalıdır və olunur. Baxın, monqol-tatar dövründə Çingiz xanın sərkərdələrindən biri olan Sabutayla bağlı hadisə bütün imperiya üçün ibrət dərsi olmuşdu. Həmin nümunə göstərirdi ki, hətta hökmdarın ən yaxın adamları belə qanun qarşısında üstün mövqeyə malik deyillər”.