İlin sonuna qədər Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti”yə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, səfərin konkret tarixi artıq müəyyən edilib.
F.Məmmədov həmçinin qeyd edib ki, yaxın 6 ay ərzində Azərbaycan nümayəndə heyətinin də Ermənistana səfərləri gözlənilir: “Burada söhbət nəinki paytaxt İrəvandan, həmçinin Ermənistanın ayrı-ayrı regionlarından gedir”.
Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub. Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.