Medianews.az
Ərdoğan mərc qalmaqalından danışdı
115 baxış

Ərdoğan mərc qalmaqalından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə futbolundakı mərc qalmaqalı və bununla əlaqədar aparılan istintaqla bağlı danışıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı istintaq prosesinin heç bir klub fərqi qoyulmadan, sonadək və qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Prezident Ərdoğan son hadisələrin onları ciddi məyus etdiyini bildirib: “İdarəçisindən tutmuş futbolçusuna qədər bir çox şəxsin bu prosesdə yer alması, adlarının bu cür qalmaqallarla hallanması, ölkəmizdə belə hadisələrin yaşanması bizi həqiqətən sarsıdıb. Bu, insanı heyrətə gətirən bir mənzərədir”.

Rəcəb Tayyib Ərdoğan milyonlarla transfer haqqı alan şəxslərin bu cür işlərə qarışmasını anlamaqda çətinlik çəkdiyini deyib: “Rəhbərlər bunu necə edə bilirlər? Futbolun ruhu ədalətdir. Əgər biz bu ədaləti təmin edə bilməsək, meydanlarda əldə olunan heç bir nəticə bizi qane etməz”.

Prezident ədalətin məhkəmə orqanları tərəfindən təmin olunacağına inandığını qeyd edib: “A və B klubu, fərq etməz. Bizim üçün əsas olan ədalətdir. Hazırda məhkəmənin bu vəzifəni ən ideal şəkildə yerinə yetirdiyini düşünürəm”.

Qeyd edək ki, mərc oyunları ilə bağlı saxlanılanlar arasında “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş, futbol hakimi Zorbay Küçük, “Adana Dəmirspor” klubunun keçmiş prezidenti Murat Sancak və digər şəxslər var.

Bizə qoşulun