Ankarada səfərdə olan Roma Papası XIV Leon Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, III dünya müharibəsinə zəmin yaradılır.
“İki dünya müharibəsindən sonra biz iqtisadi və hərbi güc strategiyalarının üstünlük təşkil etdiyi yüksək gərginliklə davam edən qlobal münaqişə dövrünün şahidi oluruq. İnsanlar getdikcə ekstremist baxışlara görə bölünür. Bəşəriyyətin gələcəyi təhlükə altındadır", -o bildirib.

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a bunları deyib:"Məlum olduğu kimi, son illər dünyada çox ciddi geosiyasi proseslər baş verir və bu hadisələr hərbi toqquşmalarla müşayiət olunur. Ayrı-ayrı regionlarda baş verənlər şübhəsiz ki, bir-biriylə bağlıdır. Bu baxımdan 2022-ci ildə Rusiya- Ukrayna müharibəsi başlayandan bəri müzakirə olunan üçüncü dünya savaşı ehtimalının yenidən aktuallaşması təəccüblü deyil.
Məsələ burasındadır ki, Rusiya- Ukrayna müharibəsi artıq ABŞ- Avropa qarşıdurmasına çevrilib. Çünki, Avropa və ABŞ-nin davam edən müharibə ilə bağlı mövqeyi çox fərqlidir. ABŞ-dən fərqli olaraq Avropa döyüşlərin davam etməsini istəyir.
Beləliklə, proses faktiki olaraq daha mürəkkəb labirintə daxil olub. ABŞ- Avropa rəqabəti özünü Ukrayna meydanında göstərir. Rəsmi Vaşinqton danışıqlar üçün çalışdıqca Avropa daha da aqressivləşir.
Üstəlik, nəzərə almaq lazımdır ki, yeganə münaqişə ocağı Şərqi Avropada deyil. Ayrı- ayrı bölgələrdə, o cümlədən Yaxın Şərqdə də ciddi proseslər baş verir və bunlar bir – biri ilə sıx bağlıdır.
Hazırkı vəziyyət İkinci dünya müharibəsindən əvvəlki şəraiti xatırladır. Dövlətlər artıq öz mövqelərini seçirlər. Əsəblər tarıma çəkilir, “əzələ nümayişi” başa çatır. Odur ki, üçüncü dünya savaşının yaxın zamanda başlana biləcəyinə dair ehtimallar tamamilə realdır...