Medianews.az
Əhalinin diqqətinə - Mal və quzu ətinin qiyməti
56 baxış

Əhalinin diqqətinə - Mal və quzu ətinin qiyməti DƏYİŞƏCƏK?

Dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıq son günlər ölkənin bir sıra bölgələrində ət bazarına ciddi təsir göstərib. Xəstəliyin heyvanlar arasında sürətlə yayılması və fermer təsərrüfatlarında itkilərin artması nəticəsində bazarda təklif azalıb, bu isə qiymətlərin kəskin bahalaşmasına səbəb olub.

Son 10 gün ərzində xüsusilə iribuynuzlu heyvan ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, həm xəstəliyin insanlar arasında yaratdığı psixoloji təsir, həm də faktiki heyvan sayının azalması bazarda ajiotaj yaradıb və qiymət artımını sürətləndirib.

Maraqlıdır ki, bu xəstəliyin davam etməsi bazarda dana və quzu ətinə necə təsir edəcək?

Mövzu ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəf bildirib ki, hazırda mal və quzu ətinin qiymətlərindəki artım yalnız dabaq xəstəliyi ilə bağlı yaranan ajiotajdan qaynaqlanmır. Son aylarda heyvandarlıqda maya dəyərinin ciddi şəkildə yüksəlməsi də qiymət artımının əsas səbəblərindəndir.

O deyib ki, rayonlarda preslənmiş ot, yem məhsulları və digər vacib vasitələrin qiyməti xeyli bahalaşıb. Bu isə birbaşa təsərrüfat xərclərini artırır və nəticədə mal və quzu ətinin bazar qiymətinə təsir göstərir.

Şahin Nəcəfin sözlərinə görə, dabaq xəstəliyinin qısa müddətdə geniş yayılması həm idarəetmə boşluqlarından, həm də vaxtında aparılmayan vaksinasiya prosesindən irəli gəlir.

"Xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər vaxtında görülmədiyinə görə vəziyyət ciddiləşib, fermer təsərrüfatlarında itkilər artıb. Xəstəlik yayılmağa davam etdikcə bazarda psixoloji gərginlik yüksəlir və qiymətlər daha da qalxır. Həm dabaq xəstəliyinin təsirləri, həm də heyvan ətinin istehsal xərclərinin artması fonunda qiymət artımı yaxın müddətdə də davam edəcək".

Bizə qoşulun