“Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) oktyabrın 29-dan həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla tutulub, oktyabrın 31-də Baş Prokurorluğun təqdimatı, Səbael Rayon Məhkəməsinin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 3-də Medianews.az saytı Vüqar Məmmədovun vəziyyəti ilə maraqlanıb.

Qardaşı Cəsur Məmmədov sayta açıqlamasında deyib: “Vüqar bəy yüksək qan təzyiqindən və ürək xəstəliyindən əziyyət çəkir. Bu problemlər onun səhhətində həbs olunmazdan öncə baş qaldırıb. Azadlıqda olduğu dövrdə buna görə bir neçə dəfə həkimə müraciət etmişdi. Əslində ürək əməliyyatına getməli idi, çünki vəziyyəti ağır idi. Səhhətindəki problemlər onun barəsində həbs qətimkan tədbiri seçilən gün məhkəmədə də özünü büruzə verib. Təzyiqi qalxıb, ürəyi bulanıb. O vaxtkı vəkili Leyla xanım mənimlə əlaqə saxlayıb məhkəmə prosesinin gedişatında Vüqar bəyin vəziyyətinin kəskin pisləşdiyini söyləmişdi. Hətta vəziyyəti ağır görüb hakimin icazəsi ilə Leyla xanım dəmir barmaqlar arxasına keçərək Vüqar bəyi masaj etməli olubmuş. Sonradan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verdiyimiz vəsatətə baxılanda da eyni hal təkrarlanıb, Vüqar bəy məhkəmədə özünü çox pis hiss edib”.
Vüqar Məmmədov hazırda DTX-nin istintaq təcridxanasında saxlanır. Qardaşının sözlərinə görə, indi vəziyyəti stabildir: “Amma unutmayaq ki, o, yüksək qan təzyiqindən və ürək xəstəliyindən əziyyət çəkən bir insandır”.
Hazırda Vüqar Məmmədovun hüquqlarını vəkil Aqil Layıc müdafiə edir. Cəsur Məmmədovun sözlərinə görə, Aqil Layıc hər həftə Vüqar Məmmədovla əlaqə saxlaya bilir, eyni zamanda bu vaxtadək jurnalistin bir dəfə ailəsi ilə görüşməsinə də şərait yaradılıb: “Saxlanma şəraitindən şikayəti yoxdur”.
Vüqar Məmədov Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) təqsirləndirilir.
Cəsur Məmmədov ittihamı qəbul etməkdiklərini söyləyib: “İttihama görə, guya Vüqar bəy iki şirkətlə hədə-qorxu əsasında reklam müqavilələri imzalayıb. Halbuki söhbət rəsmi müqavilədən gedir. Ödənişlər də bank vasitəsilə edilib. Məbləğ də o qədər yüksək deyil: aylıq 200 manat. Hazırda bu epizod üzrə hər hansı istintaq hərəkətinin aparılmaması da ondan xəbər verir ki, Vüqar bəy günahsız, ittiham əsassızdır”.
Mətbuatda Vüqar Məmmədovun həbsinin hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada təqsirləndirilən, oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqəli olduğu bildirilir.
Cəsur Məmmədov deyib ki, Vüqar Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Baş Prokurorluğun məhkəməyə göndərdiyi təqdimat iki hissədən ibarət olub: “Təqdimatın birinci hissəsində Ramiz Mehdiyevin adı keçirdi, işin həmin istintaq çərçivəsində olduğu göstərilirdi. İkinci hissədə isə bildirilirdi ki, Vüqar bəy Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham olunur. Ramiz Mehdiyevə ittihamlar Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə irəli sürülüb. Ramiz Mehdiyev işi hara, hədə-qorxu ilə tələb etmə hara...
Vüqar Məmmədov 2004-cü ildə, belə demək mümkünsə, elə Ramiz Mehdiyevin xətti ilə həbs olunmuşdu. O, son çıxışlarında da Ramiz Mehdiyevi və Rusiyanı ən sərt şəkildə təndiq edirdi. Baş Prokurorluğun Vüqar bəyi Ramiz Mehdiyev işi ilə əlaqələndirməsi, üstəlik, bu işlə hədə-qorxu ilə tələb etmə ittihamını birləşdirməsi əsassızdır.
Onu da vurğulayım ki, Baş Prokurorluğun təqdimatında əksini tapmış məqamı çıxsaq, bizim əlimizdə Vüqar bəyin həbsinin Ramiz Mehdiyevlə bağlı olduğuna dair heç nə yoxdur. Ramiz Mehdiyev barəsində ev dustaqlığı bu ilin oktyabrında seçilib. Vüqar bəyə isə hələ bu məsələ ortalıqda olmadığı vaxtlardan, 2024-cü ildən həbs olunacağı barədə xəbərdarlıqlar gəlirdi. Yəni ona çoxdan deyilirdi ki, səni həbs edəcəklər”.
Medianews.az