Medianews.az
Dilimiz çimərliyi qəbul etdi, bağımsızlığı yox
686 baxış

Dilimiz çimərliyi qəbul etdi, bağımsızlığı yox

Dilimizin saflığı, bu sahədə mövcud problemlərlə bağlı müzakirələr davam etməkdədir. Şübhəsiz ki, belə aktual məsələ bizi düşündürür, narahat edir. Qənaətimcə, dilimizin bu günə düşməsi məsələsi peşəkar səviyyədə araşdırılmalı və təkliflər verilməlidir. Təbii ki, belə geniş və ciddi problemli məsələni kiçik bir yazıda əhatə etmək fikrində deyiləm. Amma bəzi məqamlara qısaca nəzər salmaq istərdim.

Birincisi, təhsil sahəsində gündən-günə ağırlaşan ağrılı problemlər ana dilimizə böyük zərbə vurur. Təhsillə bağlı məsələlər ayrıca bir söhbətin mövzusudur. Millətin, dövlətin strateji sahəsi olan təhsilə heç kim barmaqarası baxmamalıdır. Bu sahədə hər hansı əyintilər, ciddi problemlər gec-tez özünü cəmiyyətdə çılpaqlığı ilə üzə çıxarır. O baxımdan ana dilində olan problemlərin xeyli hissəsi təhsildən qaynaqlanır. Dilinə, mənəvi dəyərlərinə etinasız yanaşan istər jurnalist, istər televiziya aparıcısı, istərsə də digər peşə sahibi olsun, onların hər biri məktəb oxuyub. Mükəmməl təhsil almış şagird, tələbə öz dilinə etinasız yanaşa bilməz. Təhsil elə bir sahədir ki, orada buraxılmış ciddi səhvlər illər keçəndən sonra özünü göstərir.

İkincisi, mütaliə vərdişlərinin bir çox səbəblərdən itməsi zaman keçdikcə fəsadlarını verir. Mütaliənin insanın formalaşmasında, beynin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Bu barədə əlavə nə isə demək istəmirəm. Amma mütaliə mədəniyyətinə, ənənələrinə, vərdişlərinə zərbə vuran xeyli faktorlar var.

Bəziləri deyirlər ki, Azərbaycan dilində oxumalı kitablar azdır və yaxud yeni ədəbiyyat nümunələri yetərli deyil. Bu fikirlərlə razılaşmaq olmaz. Çünki istər Azərbaycan dilində, istərsə də digər dillərdə ən azından elektron kitabxanalar vasitəsilə oxumalı kitablar tapmaq mümkündür.

Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə mütaliəni birdəfəlik leksikondan çıxarıb. Digər kateqoriyadan olan insanlar, xüsusilə gənclər min bir zəhmət hesabına təhsil alırlar, gecə-gündüz çalışırlar. Nəticəsi olmur. İnsan öz zəhmətinin, intellektinin bəhrəsini görməlidir. Əgər görə bilmirsə, bu ciddi fəsadlar yaradır. O zaman həmin insanın kitaba, dəftərə, mütaliəyə hansı müsbət münasibəti olacaq? Diqqət yetirsək görərik ki, çox dar çərçivədə kitab oxumağa, mütaliəyə meyl var.

Üçüncüsü, hər zaman qeyd olunduğu kimi bəzi telekanallarda ana dili ilə bağlı ciddi qüsurlar qalmaqdadır. Aparıcı televiziyanın simasıdır. Əgər bu simanın dili zədələnibsə, tamaşaçı qarşısında xoşa gəlməyən ifadələr işlədirsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdir. Təəssüf ki, belə aparıcılarla bağlı yetərincə faktlar var.

Dördüncüsü, sosial şəbəkələrin gətirdiyi müsbət və mənfi çalarlar, bu sahədə hüququn tam oturuşmaması, ifrat sərbəstlik, ən əsası məsuliyyətsizlik və digər məqamlar dili bərbad günə qoyur.

Beşincisi, söz yaradıcılığı, dilimizə yeni Azərbaycan türkcəsində olan sözlərin gəlməsi prosesi bərbad vəziyyətdədir. Bilmirəm kimlərin dilimizə gətirmək istədiyi əcaib-qəraib sözləri dil qəbul etmir. Vaxtilə Xalq şairi Rəsul Rza çimərlik sözünü Azərbaycan dilinə gətirdi və dil onu qəbul etdi. Çünki sözün rahat səslənməsi, dilə uyarlığı vacibdir. Təəssüf ki, bu gün icad olunan bəzi sözlər dildə rahat səslənə bilmir. Bir zamanlar dilimizdə istifadə olunan müstəqillik sözünü Türkiyə türkcəsində istifadə olunan bağımsızlıq sözü ilə əvəz etmək cəhdləri oldu. Amma dil bu sözü qəbul etmədi. Mənim qənaətimcə, yeni söz axtarışına çıxan şəxslər xalq yaradıcılığına, dialekt və şivələrdə unudulmuş sözlərə müraciət etsələr nəticələr əldə edə bilərlər.

Təhsilə, elmə, insana verilən böyük dəyərlər sistemi, məsələyə kompleks yanaşma bəzi sahələrdə inkişafın açarına çevrilə bilər. Ən vacibi dilimizin saflığını qorumaq, mütaliə prosesini inkişaf etdirmək üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır.

Əkrəm Bəydəmirli

Bizə qoşulun