Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 31 934 173,84 manatdır.
"Diler İnşaat” QSC bundan əvvəl Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilmişdi. Şirkət bu tender üzrə qurumdan 8 050 336,09 manatlıq sifariş almışdı.
Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müsabiqələrində "Diler İnşaat” QSC-yə üstünlük verməsi təsadüfi deyil. Bu şirkət sıradan bir sahibkara məxsus deyil. Rəsmi mənbələrdə qeyd edilir ki, "Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Görünür, bu şəxsin şirkəti təmsilçiliyi formal xarakter daşıyır.
"Diler İnşaat” QSC-nin əsl sahibi Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. Şirkətin Orxan Quluzadəyə məxsus olması barədə mediada da məlumatlar yer alıb. Qarşı tərəf bu məlumatları təkzib etməyib.
Həmçinin şirkətin saytında Orxan Quluzadənin təsisçi kimi müraciəti yer alır. Bu faktlar "Diler İnşaat” QSC-nin deputatn oğluna məxsus olduğuna şübhə yeri qoymur.
Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. Leysan Məmmədov ictimaiyyətə "Sea Breez”dəki məşhur davadan tanışdır. Həmin davanın əsas fiqurantlarından biri məhz Leysan Məmmədovun oğlu Elnur Məmmədov idi.