Son tədqiqatlarda D vitamininin ürək sağlamlığına təsiri araşdırılıb.
Medianews.az xəbər verir ki, ABŞ-də aparılan genişmiqyaslı bir araşdırma maraqlı nəticə ortaya qoyub.
Ürək tutması keçirmiş 630 xəstə 8 il izlənilib. Xəstələrin bir qrupuna fərdi ehtiyaca uyğun D vitamini verilib, digər qrupa isə verilməyib. Nəticədə D vitamini alan xəstələrdə ikinci infarkt riskinin 50% azaldığı bildirilib.
Araşdırmanın müəlliflərindən olan kardiovaskulyar epidemioloq Heydi Mey nəticəni “əhəmiyyətli irəliləyiş” kimi dəyərləndirsə də, daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda D3 vitamini istifadəsi ilə bağlı ciddi yan təsir aşkarlanmayıb.
Daxili xəstəliklər üzrə mütəxəssis dosent Esra Çokiçli bildirib ki, D vitamininin ürək-damar xəstəliklərinə təsiri barədə tibbi aləmdə tam razılaşma yoxdur: “Yaxşı təsir etdiyi düşünülə bilər, amma qəti hökm vermək doğru deyil.”
Mütəxəssis bildirir ki:
- D vitamini yağda həll olduğu üçün həddindən artıq qəbul zəhərlənməyə səbəb ola bilər, xüsusilə ampul şəklində yüksək dozlardan çəkinmək lazımdır.
- Günlük ehtiyac 600–800 vahiddir. Son aylarda istifadə etməyənlər üçün 2000–3000 vahid, istifadə edənlər üçün 1000 vahid kifayətdir.
- Günəş görməyənlər, evdən çalışanlar, günəş kremindən çox istifadə edənlər və qapalı məkanlarda uzun müddət qalanlarda D vitamini çatışmazlığı daha çox rastlanır.
Esra Çokiçli əlavə edir ki, ildə bir dəfə analiz vermək və xüsusilə qışda gündəlik D vitamini qəbulunu təmin etmək ən doğru yanaşmadır.
Medianews.az