İşçilərin məzuniyyətə çıxdıqları dövrdə əməkhaqqından az olmamaq şərtilə məvacib almaları ilə bağlı yeni qaydalar layihəsi hazırlanıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a bildirib ki, hazırda Azərbaycanda işçilərin məzuniyyət zamanı əməkhaqqı qaydası müəyyən normativ aktlarla tənzimlənir.Onun sözlərinə görə, ənənəvi olaraq, məzuniyyət müddətində işçi maaşı orta əməkhaqqına uyğun hesablanır, lakin bəzi hallarda konkret aylıq maaşdan aşağı ola bilər:
“Bu, xüsusilə əlavə ödənişlər, bonuslar və digər qeyri-sabit gəlirlər daxil edilmədikdə müşahidə olunur. Əməkhaqqından az olmamaqla məzuniyyət ödənişi tətbiq edildikdə işçilər üçün maliyyə təhlükəsizliyi artacaq. Onlar məzuniyyətdə olduqları müddətdə normal yaşayış səviyyəsini qoruyacaq, gəlir itkisindən narahat olmayacaqlar. Bu, işçi məmnuniyyətini və motivasiyasını artıracaq, nəticədə işçilərin şirkətdə qalma meyli yüksələcək və işçi dövriyyəsi azalacaq”.

Ekspert qeyd edib ki, işəgötürənlər üçün isə maliyyə yükü müəyyən qədər arta bilər, çünki məzuniyyət zamanı əməkhaqqının tam ödənməsi əlavə xərclər deməkdir:
“Xüsusilə böyük kollektivləri olan şirkətlər və əməkhaqqı fondu yüksək təşkilatlar üçün bu yük nəzərəçarpacaq ola bilər. Şirkətlər büdcə planlamasını daha diqqətlə qurmalı və məzuniyyət dövrlərini nəzərə alaraq likvidliklərini təmin etməlidirlər”.
Müsahibimiz vurğulayıb ki, uzunmüddətli perspektivdə bu dəyişiklik əmək münasibətlərinə müsbət təsir göstərə bilər:
“İşçilərin sosial təminatı gücləndiyi üçün iş bazarında stabil əmək münasibətləri formalaşa bilər. İşçi motivasiyası və məhsuldarlıq artacaq, nəticədə şirkətlərin fəaliyyətinin effektivliyi yüksələcək. Eyni zamanda işçilər məzuniyyət hüquqlarını tam həyata keçirə biləcəkləri üçün sağlamlıq və psixoloji vəziyyətləri yaxşılaşacaq, bu da işçi performansına birbaşa təsir edəcək”.
A.Nəsirli bildirib ki, bu məhsuldarlığın və işçi-məmnuniyyətinin yüksəlməsinə səbəb olacaq:
“İşçilərin məzuniyyət zamanı əməkhaqqından az olmamaqla ödəniş alması həm işçi rifahını, həm əmək bazarının dayanıqlığını artıracaq, həm də uzunmüddətli perspektivdə məhsuldarlığın və işçi-məmnuniyyətinin yüksəlməsinə şərait yaradacaq. İşəgötürənlər üçün isə bu dəyişiklik planlama və maliyyə resurslarının idarə olunmasında daha ciddi yanaşma tələb edəcək”.