Medianews.az
Bu şəxslərə oruc tutmaq olmaz —
73 baxış

Bu şəxslərə oruc tutmaq olmaz — İlahiyyatçı

Ramazan ayının gəlişi ilə birlikdə orucluq mövzusu yenidən gündəmə gəlir. Bir çox insan bu ibadəti yerinə yetirməyə hazırlaşır, bəziləri isə sağlamlıq və ya digər səbəblərlə bağlı tərəddüd yaşayır. İslam dinində oruc mühüm ibadətlərdən biri olsa da, bu vacib əməl hər kəsə eyni şəkildə şamil edilmir. Din insanın sağlamlığını və həyatını əsas götürdüyü üçün müəyyən hallarda oruc tutmağa icazə verilmir və ya təxirə salınır.

Medianews.az  xəbər verir ki, bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib. O deyib ki, tək ayların sultanı artıq gəlmək ərəfəsindədir:

“Xoş gəlir – bu, rəhmət ayıdır, bərəkət ayıdır, Qurani-Kərimin baharıdır. Bu aya hazırlaşanlar, bu ibadəti yerinə yetirməyə çalışanlar olduğu kimi, tərəddüd və bəhanələr arxasında gizlənməyə çalışanlar da var. Hər halda, biz müsəlmanıq. Bizim Allaha bağlılığımız var, axirətə inanırıq və qiyamət günündə İlahi mizanda hesab verəcəyimizə etibar edirik. Odur ki, ibadətlər Allahın haqqıdır. Oruc tutmaq da Rəbbimizin əmrlərindən biridir. Lakin istisna hallar da mövcuddur. Qurani-Kərim-də, xüsusilə Bəqərə surəsinin 183-cü ayəsində bu məsələyə toxunulur. Orada xüsusilə səfərdə olanlar və xəstələr barədə danışılır. Ramazan ayında oruc tuta bilməyən xəstələr sağaldıqdan sonra tutmadıqları günləri qəza edərlər. Səfərdə olanlar da səfər müddətində tutmadıqları orucları geri döndükdən sonra həmin günlərin sayı qədər qəza edərlər. Elə insanlar da var ki, ciddi və xroniki xəstəliklərə düçar olublar və ümumiyyətlə oruc tutmaq imkanları yoxdur. Maddi imkanları yaxşı olsa da, sağlamlıqları buna yol vermir”. 

“Fidyə fitrə sədəqəsi miqdarında olur, lakin aralarında fərq var. Fitrə Ramazanın sonunda verilir. Fidyə isə oruc tuta bilməyən şəxs tərəfindən hər gün üçün verilir. Yəni tuta bilmədiyi hər günün əvəzində bir nəfəri səhər və axşam yeməyi ilə doyurmaq şərti ilə fidyə verilir. İkinci qrup istisna olunanlar hamilə qadınlar və süd verən analardır. Əgər onların oruc tutması bətnindəki uşağa və ya əmizdirdiyi körpəyə zərər verərsə, yaxud südün kəsilməsinə səbəb olarsa, bu təhlükəni aradan qaldırmaq üçün oruc tutmaya bilərlər. Əks halda, yəni heç bir təhlükə yoxdursa, oruclarını tutmalıdırlar və bunu problemə çevirməməlidirlər”.

Bizə qoşulun