Medianews.az
Bu ölkə dollara meydan oxuyur:
125 baxış

Bu ölkə dollara meydan oxuyur: ALINACAQMI?

Çin qlobal maliyyə sistemində ABŞ dollarını zəiflətmək və yuanın beynəlxalq rolunu genişləndirmək üçün əlverişli şərait yarandığını düşünür və fürsətdən istifadə etməyə çalışır.

Medianews.az bildirir ki, CNN kanalının şərhində belə deyilir.

Vurğulanır ki, ABŞ-nin iqtisadi siyasətində artan qeyri-müəyyənlik, Prezident Donald Trampın tariflərə və sanksiyalara əsaslanan yanaşması, eləcə də dolların dayanıqlığının son dörd ildə ən kövrək həddə çatması Pekinin manevr imkanlarını genişləndirib.

Çin mediasının yaydığı məlumata görə, ölkənin rəhbəri Si Cinpin yuanın beynəlxalq ticarətdə və valyuta əməliyyatlarında geniş istifadə olunan güclü ehtiyat valyutasına çevrilməsini strateji hədəf kimi müəyyənləşdirib. Pekin bu məqsədlə maliyyə bazarlarının qismən açılmasını, transsərhəd ödənişlərin asanlaşdırılmasını və inkişaf etməkdə olan ölkələrlə ticarətdə yuanın payının artırılmasını prioritet götürüb.

CNN-in şərhində bildirilir ki, Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra yuanın mövqeyi daha da möhkəmlənib. Çin-Rusiya ticarətində hesablaşmaların böyük hissəsi yuanla aparılır. Çin Xalq Bankı bəyan edir ki, yuan artıq dünya ticarətində aparıcı valyutaya çevrilib və ödənişlərdə ilk üçlükdə yer alır.

Bununla yanaşı, CNN vurğulayır ki, yuanın dolları əvəz edəcəyi real görünmür. “Dollar hələlik alternativsiz qalır” deyə şərhdə vurğulanır. Beynəlxalq Valyuta Fonduna istinadla qeyd olunur ki, qlobal ehtiyatların 57 faizi dolların, 20 faizi avronun, cəmi 2 faizi isə yuanın payına düşür.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun