Əməkdar artist Gülüstan Əliyeva bir müddət əvvəl yaradıcılığında yaranan fasilənin səbəbini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O, ruhdan düşdüyü üçün sənətdən bir qədər uzaqlaşdığını bildirib:
"Olur ki, həvəsdən düşürsən. Sağa-sola baxırsan və deyirsən ki, "Ay Allah, yəni mən bu ömrü bunun üçün yaşamışam? Mən axı sənətkaram, illərimi bu sahəyə həsr etmişəm. Bu sənətin peşəkar daşıyıcısıyam". Amma onu dəyərincə qiymətləndirməyəndə adam bir az ruhdan düşür, inciyir, bir az kənara çəkilir.
Həmin ərəfədə bizim dəyərli sənətkarımız, Xalq artisti Brilliant Dadaşovanın gözəl bir sitatı qarşıma çıxdı. Deyirdi ki: "Ay sənətkarlar, Azərbaycan musiqisinin dəyərli daşıyıcıları! Nə qədər ki, biz kənara çəkiləcəyik, meydan boş qalacaq". Belə olduğu halda da "çör-çöplər" başlayır meydan sulamağa. Onun sözlərindən sonra mən də bir az özümü toparladım, "kəmər"imi bağladım. Əlbəttə ki, biz bir-birimizə dəstək olmasaq, ruhlandırmasaq, meydan boş qalır. Ona görə mən də dedim ki, ancaq irəli, irəli”.