Medianews.az
BP-nin neftə vurğunluğu ilə tanınan yeni qadın rəhbəri...
117 baxış

BP-nin neftə vurğunluğu ilə tanınan yeni qadın rəhbəri...

Böyük Britaniyanın qocaman enerji şirkəti BP elan edib ki, Meq O'Nill (Meg O'Neill) 1 aprel 2026-cı il tarixindən bu şirkətin baş direktoru vəzifəsinin icrasına başlayacaq.

Qeyd edim ki, Meq O'Nill BP-nin xaricdən gətirilən ilk rəhbəri olmaqla yanaşı, həm də dünyanın “TOP-5” iri neft-qaz şirkətlərindən birinə gələn ilk qadın rəhbəri kimi tarixə düşür. Məhz bu təyinatla BP səhmdarlara və bazar iştirakçılarına həm əməli, həm də kommunikasiya baxımından güclü bir siqnal verir.

BP-nin hazırkı rəhbəri Mürrey Oçinkloss (Murray Auchincloss) CEO və İdarə Heyətinin direktoru vəzifəsini artıq tərk edir.

Gələn ilin II rübündən BP şirkətinə başçılıq edəcək Meq O'Nill ABŞ-nin Kolorado ştatlnda doğulub və hazırda bu ölkənin vətəndaşdır. İctimaiyyət üçün açıq olan mənbələrdə onun doğum tarixi açıqlanmasa da, indi təqribən 55 yaşında olduğu təxmin edilir.

Massaçuset Texnologiya İnstitunun "Kimya mühəndisliyi" fakültəsini bitirib. Bundan əlavə "Okean sistemlərinin idarəçiliyi" üzrə magistr təhsili alıb.

Meq O'Nill 2021-ci ilin aprelindən indiyə qədər 71 il əvvəl yaradılmış Avstraliyanın "Woodside Energy" neft-qaz şirkətinin baş direktorudur. Bundan əvvəl isə 23 il Amerikanın neft nəhəngi "ExxonMobil"in Hyuston, Yeni Orlean, İndoneziya, Kanada və Norveçdəki texniki, əməliyyat və yüksək səviyyəli rəhbəri vəzifələrində, həmçinin regional və qlobal liderlik vəzifələrində çalışıb.

O, Avstraliyanın neft və qaz sənayesinin əsas qurumu olan Avstraliya Enerji İstehsalçılarının (AEP) sədridir və Avstraliya Biznes Şurasının və Amerika Neft İnstitutunun (APİ) idarə heyətində xidmət edir.

Bəs BP nədən özünün rəhbəri kimi diqqətini bu xanımın namizədliyi üzərində cəmləşdirib?

Son zamanlar BP səhmdarların istəyindən çıxış edərək strateji dəyişikliklərə, daha doğrusu, yenilənə bilən enerjidən ənənəvi neft-qaz sahəsinə balanslı şəkildə hərəkət etməyə başlayıb. Bu səpkidə BP kənardan təcrübəli baş icraçı direktor dəvət etməklə özünün fokuslandığı nəticələri daha sürətlə yaxşılaşdırmaq niyyətindədir. O’Nill bu baxımdan BP-nin gəlir və kapitallaşma performansını daha tez artırmaq istəyən investorların tələblərinə uyğun bir kadrdır.

İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bizə qoşulun