Ölkə gündəminin əsas mövzularından olan Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.
Medianews.az “Unikal”a istinadən bildirir ki, əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.
İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.
Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.
Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.