Çinli supermodel Minq Si və milyarder Mario Ho Fransanın ən məşhur tarixi məkanlarından biri olan Mont Sen-Mişel abbatlığında möhtəşəm toy mərasimi keçirərək min illik ənənəni pozublar.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Mont Sen-Mişel abbatlığı tarixində ilk dəfə özəl toy mərasimi üçün qapılarını açıb. Vogue jurnalının məlumatına görə, bu hüququ əldə edən cütlük 37 yaşlı model Minq Si (Si Menqyao) və Makaonun məşhur "Kazino Kralı" kimi tanınan mərhum Stenli Honun oğlu, 31 yaşlı sahibkar Mario Ho (He Yujun) olub.
Cütlük rəsmi nikahlarını hələ 2019-cu ildə bağlasa da, müxtəlif səbəblərdən, o cümlədən ailəvi matəm səbəbindən təntənəli toy mərasimini illərlə təxirə salıb. Hazırda onların bir oğul və bir qızı var.
Minq Si bildirib ki, Mont Sen-Mişeldə evlənmək onun üçün inanılmaz təcrübə olub:
“Biz min ildən artıq müddətdə burada evlənən ilk cütlük olduq. Bu fikir mənə hələ də qeyri-real görünür.”
Bir illik danışıqlar və xüsusi icazəTarixi kompleksin tam şəkildə özəlləşdirilməsi üçün cütlük bir il ərzində Fransa Milli Abidələr Mərkəzi və Mont Sen-Mişel administrasiyası ilə danışıqlar aparıb. Mərasim maksimum məxfilik şəraitində təşkil olunub.
Toy üçün abbatlığın qədim interyerləri minlərlə çəhrayı, şaftalı və narıncı rəngli çiçəklərlə bəzədilib. Mərasim yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə keçirilib, cütlüyün uşaqları isə üzükləri və çiçəkləri daşıyıblar.
Beş dəbdəbəli gəlinlik və yüzlərlə karat brilyantToy boyunca Minq Si beş fərqli eksklüziv geyim nümayiş etdirib. Onun zinət əşyalarının ümumi dəyərinin 200 karatdan çox olduğu bildirilir.
Əsas mərasim üçün model Dior Haute Couture tərəfindən hazırlanmış ağ atlaz gəlinlik seçib. Libasın hazırlanmasına 600 saatdan artıq vaxt sərf olunub. Görünüş bahalı Graff brilyantları ilə tamamlanıb.
Toy şam yeməyində isə Minq Si Chanel-in 1989-cu ilə aid arxiv kolleksiyasından olan vintaj kutür libas geyinib. Model bildirib ki, həmin il onun doğulduğu il olduğu üçün bu seçimin onun üçün xüsusi mənası olub.
Lüks menyu və qeyri-adi qərarMonastır bağlarında keçirilən qəbuldan sonra qonaqlara dörd xörəkdən ibarət xüsusi menyu təqdim olunub. Axşamın əsas yeməyi tom kha bulyonunda təqdim edilən fransız lobsteri olub. Gecə nəhəng vanilli toy tortunun kəsilməsi ilə yekunlaşıb.
Maraqlıdır ki, yeni evlənənlər qonaqlardan hədiyyə qəbul etməyəcəklərini əvvəlcədən elan ediblər. Bunun əvəzinə hər bir qonağa xüsusi hazırlanmış eksklüziv hədiyyə dəsti təqdim olunub. Məlumata görə, bu dəstlərin dəyəri bəzi hesablamalara əsasən 7 min dollara qədər çatıb.
Bu toy həm də Mont Sen-Mişelin minillik tarixində ilk özəl nikah mərasimi kimi tarixə düşüb./Ajans.az