Binə qəsəbəsinin “Südçülük” yaşayış massivi sakinləri uzun illərdir içməli su yoxluğundan şikayətçidir.
Medianews.az xəbər verir ki, qəsəbə sakini Cəmilə Mustafayeva artıq vəziyyətin dözülməz hal aldığını bildirib:
“Duzlu su nə dadlıdır, nə də sağlamlıq üçün yararlıdır. Artıq illərdir ki, təmiz su intizarındayıq. Pulla su gətizdiririk. Bu da hər ailənin büdcəsinə ciddi ziyan vurur”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Yeni Sabah”ın sorğusuna cavabında sözügedən ünvanda hələlik mərkəzləşmiş içməli su şəbəkəsinin olmadığını bildirib:
“Şəbəkə olmayan ərazilərdə, o cümlədən sözügedən ərazi də daxil olmaqla, ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində içməli su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Qurum əlavə edib ki, layihə sənədləri artıq hazırlanıb və imzalanıb, lakin icra üçün dəqiq tarix hələ müəyyənləşdirilməyib.