Amerikalı nevroloq Ostin Perlmutternin sözlərinə görə, tərkibində əlavə şəkər olan içkilərin müntəzəm istifadəsi Altsheymer xəstəliyinin yaranma riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssisin fikirlərini "Daily Mail" nəşri yayıb.
Həkim bildirib ki, şirin qazlı və digər şəkərli içkilər yüksək qida dəyərinə malik olmasa da, beynin sağlamlığına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, bu cür içkiləri tez-tez qəbul edən şəxslərdə Altsheymer xəstəliyi riski nadir hallarda və ya ümumiyyətlə istifadə etməyənlərlə müqayisədə təxminən iki dəfə yüksəkdir.
Perlmutter izah edib ki, rasionda şəkərin həddindən artıq olması maddələr mübadiləsinin pozulması və xroniki iltihabın güclənməsi ilə əlaqəlidir. Bu proseslər isə neyrodegenerativ xəstəliklərin əsas risk faktorları sırasında yer alır. Uzunmüddətli iltihab və metabolik pozuntular neyronların fəaliyyətini zəiflədə və beynin yaşlanma prosesini sürətləndirə bilər.
Nevroloq qeyd edib ki, özü də şirin içkilərdən şüurlu şəkildə uzaq durur və əsasən suya və az şəkərli alternativlərə üstünlük verir. Onun sözlərinə görə, şirin dad vərdişindən imtina etmək çətin olsa da, zamanla dad reseptorları buna uyğunlaşır.
Eyni zamanda həkim vurğulayıb ki, Altsheymer xəstəliyi yalnız bir məhsulla əlaqələndirilə bilməz. Xəstəliyin inkişafına genetik amillər, həyat tərzi, qidalanma və ümumi sağlamlıq vəziyyəti birgə təsir göstərir.