ABŞ-nin keçmiş prezidenti Barak Obama və xanım Mişel Obama “ABC News” telekanalına birgə müsahibə veriblər.
Medianews.az xəbər verir ki, bu, Barak Obama 2017-ci ildə prezident postundan gedəndən bəri cütlüyün ilk birgə telemüsahibəsidir.
Müsahibədə onlar yeni açılan Obama Prezidentlik Mərkəzindən, Ağ evdəki günlərindən danışıblar.
Obama Prezidentlik Mərkəzinin əsas məqsədi gənc liderlərin yetişməsinə dəstək verməkdir. Çikaqoda yerləşən mərkəzə muzey, ictimai tədbirlər üçün zallar, park və kitabxana daxildir.
Muzey ekspozisiyasında Obamanın siyasi yüksəlişi, onun məşhur mesajları, eləcə də ABŞ-dəki ictimai hərəkatların tarixi təqdim olunur.
Müsahibə zamanı Barak Obama deyib ki, prezident postunu tərk edəndən sonra ictimai-siyasi müzakirələrdən mümkün qədər uzaq durmağa çalışır. O bildirib ki, indi özünü fəal siyasi oyunçu kimi yox, daha çox yeni nəsil üçün məşqçi kimi görür.
Keçmiş prezidentin sözlərinə görə, həyat yoldaşı Mişel Obama da daha sakit həyat sürməyi üstün tutur. Bununla yanaşı, Barak Obama vurğulayıb ki, onun hər gün ictimaiyyət qarşısına çıxmasını, müxtəlif məsələlərdə fəal mövqe tutmasını istəyənlər də var.
Barak Obama öz idarəçilik dövrünün ən böyük nailiyyəti kimi 2010-cu ildə qəbul edilən səhiyyə islahatını (Obamacare) göstərib və bu qanunun milyonlarla insanın tibbi xidmətlərə çıxışına kömək etdiyini bildirib. O həmçinin vurğulayıb ki, vətəndaşların öz siyasi iradəsini məhz azad seçkilər vasitəsilə ifadə etmək hüququ sağlam demokratiyanın əsasını təşkil edir.
Mişel Obama daha çox gənclərin təhsilindən, cəmiyyətdəki rolundan danışıb. O, mərkəzin sadəcə keçmişi xatırladan bir bina deyil, canlı bir icma, gənclər üçün maraqlı bir məkan olacağına inamını ifadə edib.
Barak Obama 1961, Mişel Obama 1964-cü il təvəllüdlüdür. Barak Obama 2009-2017-ci illərdə ABŞ-nin prezidenti olub.