Son dövrlərdə İran və Rusiyanın Azərbaycana qarşı birləşərək fəaliyyətlərini gücləndirdiyi müşahidə olunur. Hər iki ölkə Zəngəzur mövzusunda ənənəvi mövqelərini yenidən gündəmə gətirir və eyni zamanda ölkəmizin daxili proseslərinə təsir göstərməyə çalışırlar.
Bu vəziyyət, Bakının regional mövqeyini, strateji təhlükəsizliyini və daxili stabilliyini qorumaq üçün əlavə tədbirlər görməsinin vacibliyini gündəmə gətirir.
Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Tehran və Moskva son dövrlərdə Azərbaycana qarşı ritorikanı və koordinasiyalı davranışı yenidən sərtləşdirir:
“Xüsusilə Zəngəzur istiqamətində hər iki paytaxtın ənənəvi mövqeləri paralel şəkildə gündəmə daşınır, regionda formalaşan yeni reallıqlara qarşı müqavimət xətti gücləndirilir. Bu yanaşma təkcə nəqliyyat və kommunikasiya xətlərinə münasibətlə məhdudlaşmır, həm də Azərbaycanın regional təşəbbüslərini legitimlik müstəvisində sual altına almağa yönəlmiş siyasi mesajlarla müşayiət olunur. Tehran və Moskvanın bu mövzuda sinxron çıxışları təsadüfi deyil və geosiyasi maraqların kəsişdiyi nöqtədə Bakıya təzyiq rıçaqlarının yenidən işə salındığını göstərir.
Digər tərəfdən, informasiya müstəvisində təxribat cəhdləri də nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələr, nəzarətli media platformaları və dolayı mənbələr vasitəsilə Azərbaycandakı daxili prosesləri manipulyasiya etməyə yönələn narrativlər dövriyyəyə buraxılır. Məqsəd cəmiyyət daxilində süni narazılıq fonu yaratmaq, dövlətin regional siyasətini zəiflətmək və beynəlxalq auditoriyada yanlış təsəvvür formalaşdırmaqdır. Bu kontekstdə İran və Rusiyanın davranışları klassik informasiya-təsir alətlərinin aktiv fazaya keçdiyini göstərir və Azərbaycan üçün informasiya təhlükəsizliyinin nə qədər strateji əhəmiyyət daşıdığını bir daha ön plana çıxarır”.