Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqlim dəyişiklikləri mövzusu yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışı zamanı Bakıda müşahidə olunan hava dəyişikliklərinə diqqət çəkib.
O bildirib ki, iqlim dəyişikliklərinin təsirləri artıq gündəlik həyatda açıq şəkildə hiss olunur:
“Biz iqlim dəyişikliklərindən danışırdıq. Bu şəhərdə - Bakıda böyümüş biri kimi deyə bilərəm ki, mən bu qədər yağış görməmişdim.”
Anar Quliyev qeyd edib ki, şəhərsalma siyasətində iqlim riskləri və davamlı inkişaf məsələləri prioritet istiqamətlərdən birinə çevrilib. Onun sözlərinə görə, gələcək şəhərlərin planlaşdırılmasında ekoloji davamlılıq və iqlimə uyğun infrastruktur əsas meyarlardan olmalıdır.
Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr urbanizasiya, iqlim böhranı və dayanıqlı şəhərlərin qurulması ilə bağlı müzakirələr aparırlar.
Müşfiqə Bayramova
Medianews.az