Medianews.az
Banklar bizi necə tanıyır? – Hansı məlumatlar toplanır və təhlil olunur? –
170 baxış

Banklar bizi necə tanıyır? – Hansı məlumatlar toplanır və təhlil olunur? – TƏFƏRRÜAT

Banklar bəzi vətəndaşlara kredit verməkdən imtina edəndə bu çox vaxt kredit tarixçəsi ilə bağlı olur. Amma sistemin necə işlədiyi, bankların hansı məlumatlara əsasən qərar verdiyi və keçmiş yubanmaların gələcəkdə necə nəzərə alındığı heç də hər kəsə bəlli deyil.

Kredit tarixçəsi nədir, bu sistem necə işləyir? Bir neçə günlük gecikmə vətəndaşın banklardakı etibarına nə dərəcədə mənfi təsir edir? Kredit tarixçəsi neçə müddət məlumat bazasında qalır? Kredit tarixçəsi olmayan şəxslərə niyə ehtiyatla yanaşılır?

Medianews.az-ın suallarını cavbalandıran Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun inklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, kredit tarixçəsi insanın indiyədək götürdüyü kreditlər və onları necə ödədiyi barədə formalaşan maliyyə tarixçəsidir: “Sadə dildə desək, bu məlumatlar banklara göstərir ki, şəxs borc öhdəliklərini vaxtında yerinə yetirib, yoxsa gecikmələrə yol verib. Ölkədə bu məlumatlar əsasən Azərbaycan Kredit Bürosu tərəfindən toplanır və banklar kredit müraciətlərinə baxarkən həmin məlumatları yoxlayırlar. Şəxs bank və ya kredit təşkilatından kredit götürdükdə sistemdə kreditin məbləği, ödəmə qrafiki, gecikmələrin olub-olmaması, aktiv kreditlərin sayı, bağlanmış kreditlər, zaminlik edilən borclar və digər məlumatlar əks olunur. Banklar məhz bu məlumatlar əsasında risk qiymətləndirməsi aparırlar. Ödənişlərini vaxtında edən müştərilər daha etibarlı hesab olunur. Əksinə, ödənişlərdə tez-tez gecikmələrə yol verən şəxslər riskli müştəri sayılır. Bu səbəbdən iki nəfərin gəliri eyni olsa belə, onlardan biri kredit ala bildiyi halda, digəri imtina ilə üzləşə bilər”.

Professor Rəsmiyyə Sabir vurğulayıb ki, bir neçə günlük gecikmə davamlı şəkildə təkrarlanarsa, bu, kredit verilməsinə təsir göstərə bilər: “Adətən təsadüfi və qısamüddətli gecikmələr ciddi problem yaratmır. Lakin belə hallar mütəmadi xarakter daşıdıqda sistem tərəfindən mənfi maliyyə davranışı kimi qiymətləndirilə bilər. Uzun müddət ödənilməyən kreditlər isə gələcəkdə kredit əldə etməyi xeyli çətinləşdirir.

Banklar xüsusilə son aylardakı ödəniş intizamına diqqət yetirirlər. Köhnə problemlər müəyyən müddətdən sonra əvvəlki təsirini itirə bilər. Ancaq davam edən gecikmələr banklar tərəfindən daha ciddi risk göstəricisi kimi qəbul olunur.

Kredit tam bağlansa belə, onunla bağlı məlumatlar sistemdən dərhal silinmir. Kredit tarixçəsi illərlə bazada qalır və banklar şəxsin əvvəlki maliyyə davranışlarını görə bilirlər. Buna görə də istehlakçılar kredit öhdəliklərini yerinə yetirərkən müqavilə şərtlərinə ciddi əməl etməlidirlər. Əks halda, onlar haqqında mənfi maliyyə reputasiyası formalaşa bilər ki, bu da gələcəkdə kredit almaq imkanlarını məhdudlaşdırır. Müsbət maliyyə reputasiyası isə vətəndaşların daha rahat və daha yüksək məbləğdə kredit əldə etməsinə imkan yaradır”.

Professor qeyd edib ki, bəzi insanlar heç vaxt kredit götürməyən şəxslərə bankların daha asan kredit verməli olduğunu düşünürlər: “Çünki həmin şəxslərin banka borcu olmayıb. Lakin banklar məsələyə fərqli yanaşır. Kredit tarixçəsi olmayan müştəri barədə bankın əlində maliyyə davranışı ilə bağlı kifayət qədər məlumat olmur. Bu səbəbdən bank həmin şəxsin borc öhdəliklərini vaxtında yerinə yetirib-yetirməyəcəyini əvvəlcədən dəqiq qiymətləndirə bilmir.

Banklar tam məlumatsız olduqları müştəriyə ehtiyatla yanaşırlar. Buna görə də bəzi insanlar əvvəlcə kiçik məbləğdə kredit götürərək onu vaxtında ödəyir və beləliklə, özləri üçün müsbət kredit tarixçəsi formalaşdırırlar”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun