“Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

Politoloq hesab edir ki, Paşinyan və onun komandası bunu anladığından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinir: “Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.
Nailə Qasımova,
Medianews.az