Medianews.az
Azərbaycanı saxta arqumentlə Ukrayna bazarından çıxarmaq cəhdi
61 baxış

Azərbaycanı saxta arqumentlə Ukrayna bazarından çıxarmaq cəhdi

ABŞ-ın Yunanıstan üzərindən Azərbaycan qazının Ukraynaya çatdırılmasını məhdudlaşdırması 2025-ci ilin noyabrında ABŞ hökumətinin vasitəçiliyi ilə “DEPA Commercial + Atlantic-See LNG Trade” və Ukraynanın “Naftogaz” şirkəti arasında Yunanıstan üzərindən Ukraynaya LNG tədarükü barədə müqavilənin bağlanması ilə daha aydın görünməyə başladı.

Bu razılaşmanın siyasi tərəfi onun şərtlərində gizlənirdi: ABŞ Yunanıstana bildirdi ki, Azərbaycan qazının TAP və "Vertical Corridor" ("Şaquli Dəhliz") infrastrukturu vasitəsilə Ukraynaya ötürülməsi "müvəqqəti olaraq" bloklanmalıdır. Rəsmi izah “Ukraynanın enerji təhlükəsizliyini təmin etmək” olsa da, regionda və beynəlxalq enerji ekspertləri arasında bunun əsas səbəbinin ABŞ LNG sənayesinin Avropa və Şərqi Avropa bazarlarında dominant mövqeyini qorumaq olduğu müzakirə edilir.

Vaşinqtonun arqumentinə görə, Ukraynanın qış aylarında fasiləsiz enerji təminatı üçün siyasi risqləri minimum olan tədarükə ehtiyacı var. Azərbaycan qazının Rusiyanın təzyiqinə məruz qalma ehtimalı göstərilir, ABŞ LNG-si üçün isə belə risq yoxdur, çünki Rusiyanın ABŞ tədarükünü siyasi təzyiq vasitəsi kimi bloklama imkanı mövcud deyil. Rəsmi arqumentə görə, Ukraynanın strateji həssaslığı da nəzərə alınmalı idi, çünki tək bir təchizat xəttinin dayanması ölkənin enerji sabitliyini təhlükə altına qoya bilər.

Lakin bu arqument praktiki təcrübə ilə üst-üstə düşmür. Son üç ildə Azərbaycan Avropa İttifaqına qaz tədarükünü artıraraq 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdırıb və bunu Rusiyanın siyasi təzyiqlərinə baxmayaraq edib. Bakı-Moskva münasibətlərinin gərginləşdiyi dövrlərdə belə Azərbaycan qaz ixracını dayandırmayıb, əksinə genişləndirib. Bu fakt ABŞ-ın arqumentinin zəifliyini ortaya qoyur.

ABŞ-ın Yunanıstan üzərindən Azərbaycan qazının Ukraynaya ötürülməsini məhdudlaşdırması eyni zamanda daha geniş enerji strategiyasının tərkib hissəsidir. Strategiyanın əsas məqsədi Amerikan LNG-sinin Avropadakı payını genişləndirmək və möhkəmləndirməkdir. 2022-ci ildən sonra ABŞ LNG-si Avropada əsas enerji mənbələrindən birinə çevrilib. Azərbaycan qazının Ukraynaya və daha sonra Baltik-Şərqi Avropa bazarlarına daxil olması ABŞ LNG-si ilə birbaşa rəqabət yaradır. "Vertical Corridor" xəttinin aktivləşməsi həm Azərbaycana yeni bazar açır, həm də ABŞ-ın Şərqi Avropadakı enerji təsirini zəiflədir.

TAP və TANAP-ın genişləndirilməsi və hasilatın artırılması Aİ tərəfindən dəstəklənərsə, 2027-ci ildə Azərbaycanın Avropaya qaz ixracı 20 milyard kubmetrə çata bilər ki, bu da ABŞ LNG-si ilə rəqabəti daha da gücləndirir.

2025-ci ildə "Vertical Corridor" üzrə test ötürmələri həyata keçirilsə də, ABŞ-Yunanıstan-Ukrayna üçbucağında atılan addımlardan sonra Azərbaycan qazının bu dəhlizlə Ukraynaya tam həcmdə ötürülməsi təxirə salındı. Azərbaycan qazı yalnız “ekstremal hal üçün ehtiyat” mənbə kimi saxlanıldı, əsas tədarük statusu isə ABŞ LNG-sinə verildi. Bu, prosesin siyasi arqumentlərlə deyil, rəqabət xarakteri daşıdığını göstərir.

ABŞ iddia edir ki, Azərbaycan Rusiyanın təzyiqi altında tədarükü dayandıra bilər. Lakin reallıq bunu təsdiqləmir. Azərbaycan 2021–2024-cü illərdə Rusiyanın siyasi təzyiqlərinə baxmayaraq Avropaya tədarükünü artırıb və heç vaxt azaltmayıb. Bakı enerji siyasətini Rusiya yox, Aİ ilə uzunmüddətli müqavilələr üzərində qurub. Rusiya-Azərbaycan münasibətlərinin gərgin olduğu dövrdə belə tədarük kəsilməyib. Beləliklə, ABŞ arqumenti reallıqla üst-üstə düşmür və geosiyasi-ekonomik narahatlıqdan doğur.

Əgər Aİ TAP və TANAP-ın genişləndirilməsinə və hasilatın artırılmasına dəstək verərsə, "Vertical Corridor" Azərbaycan qazını Avropanın şimalına qədər çatdıracaq və ABŞ LNG-si ilə Şərqi Avropada rəqabət yaradacaq. Bu layihə Azərbaycanın Avropadakı rolunu gücləndirəcək və Avropanın enerji təhlükəsizliyini daha balanslı edəcək. Eyni zamanda, "Vertical Corridor" Rusiyanın enerji təsirini zəiflədərək Aİ üçün strateji əhəmiyyət daşıyır.

"Vertical Corridor" sadəcə boru kəməri layihəsi deyil, Azərbaycanın Avropadakı enerji güc mərkəzinə çevrilməsi və Aİ-nin qaz xəritəsinin yenidən qurulmasında mühüm rol oynayan strateji vasitədir. ABŞ-ın Azərbaycan qazının Ukraynaya ötürülməsinə məhdudiyyət tətbiq etməsi bu prosesin fonunda başa düşülür. Layihənin tam aktivləşməsi isə Avropada Bakı-Vaşinqton rəqabətinin yeni mərhələsini açacaq və enerji balansında ciddi dəyişikliklərə səbəb olacaq.

Akif Nəsirli,
"Bakı xəbər" qəzeti

Bizə qoşulun