Medianews.az
“Azərbaycanda yazıçı əxlaqı iflas edib” –
236 baxış

“Azərbaycanda yazıçı əxlaqı iflas edib” – Rasim Qaraca ədəbi mühiti topa tutdu

“Ədəbi mükafatlar istedada yox, tapşırığa əsaslanır” 

Əksərən ictimaiyyətdə belə bir fikir səslənir ki, ədəbi müsabiqələrdə qaliblərin seçilməsi şəxsi tanışlıq və yaxud da tapşırıqla olur. Siz bu iddialara necə yanaşırsınız?Azərbaycanda ədəbi müsabiqələr nə dərəcədə şəffaf və tərəfsizdir? Müsabiqələrdə obyektivliyin şübhə altına alınmasına səbəb olan əsas amillər hansılardır? Son olaraq niyə Azərbaycanda ədəbi müsabiqələrin sayı bu qədər azdır? 

Mövzu ilə bağlı tanınmış yazçı Rasim Qaraca Medianews.az-a açıqlamasında bildirib ki, ədəbiyyat müsabiqələri ədəbiyyat prosesini canlandırmaqdan ötrü əsas amillərdən biridir. Hətta ədalətsiz olsa belə, müsabiqənin nəticələri yaradıcı insanları hərəkətə gətirir, “yaxşı-pis əsər” haqqında düşünməyə, mübahisə etməyə vadar edir. 

Onun  sözlərinə görə, çox sayda müsabiqə olmalıdır ki, onların hansının daha ədalətli olması müqayisədə ortaya çıxsın: “Sizin dediyiniz kimi, Azərbaycanda müsabiqələrin sayı azdır. Bunun səbəbi, Azərbaycan ədəbi prosesi öz içinə qapalıdır, dünyada gedən ədəbiyyat prosesinə qoşulmayıb. Sovetdən qalma ədəbiyyata, yazarlara nəzarət mexanizmi, yazarların sədaqət prinsipinə görə (talantına görə deyil) mükafatlandırılması, evlə, təqaüdlə təmin olunması və s. hələ də işləyir və bizim gənc yazarlar da bununla barışıb. Müsabiqələr də buna daxildir. Qaliblər talantına görə deyil, “sözəbaxan” olduğuna görə seçilir, çox zaman talanlıları cəzalandırmaq üçün ən təsadüfi birini mükafatlandırırlar. Bizdə yazıçı əxlaqı iflas edib. Əxlaqsız yazıçı isə yaxşı heç nə yaza bilməz. Yazıçı xəyal gücünə sahib insan deməkdir, onun düşüncələri hər hansı qəlib tanımamalıdır. Əgər özünün içərisində olduğu ədəbiyyat prosesini görmürsə, qəliblər içərisində yazmağa razıdırsa, məsələ artıq bitmişdir deməkdir. Kölədir, ikinci dərəcəlidir, yaxşı heç nəyə layiq deyil”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun